Futbol üzrə Ukrayna millisinin və “Arsenal”ın müdafiəçisi Aleksandr Zinçenko bundan sonra “Nottingem Forest”in uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klublarının mətbuat xidmətlərinə istinadən xəbər verir.
28 yaşlı futbolçu yeni klubuna 1 illik icarə müqaviləsi əsasında keçib.
Xatırladaq ki, Aleksandr Zinçenko “Arsenal”a 2022-ci ilin iyulunda 35 milyon avro qarşılığında “Mançester Siti”dən keçib. Ukraynalı müdafiəçinin “topçular”la müqaviləsi 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədədir.
2024/2025 mövsümündə Zinçenko “Arsenal”ın heyətində bütün yarışlarda 23 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Ukraynalı oyunçunun “Arsenal” karyerası bütövlükdə 91 oyun, 3 qol və 5 məhsuldar ötürmədən ibarətdir.
Zinçenko 2019-cu ildə Ukraynada ilin futbolçusu seçilib. Ukraynalı müdafiəçinin qənimətlərinin hamısı “Mançester Siti”də çıxış etdiyi dövrə aiddir: 5 dəfə Premyer Liqa çempionluğu, 1 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Liqa Kuboku, 2 dəfə İngiltərə Super Kuboku.
Xatırladaq ki, ukraynalı futbolçu Donetsk “Şaxtyor”unun yetirməsidir. O, “Mançester Siti”yə gedənə qədər “Ufa”da da forma geyinib. 2016-cı ildə isə müdafiəçi Niderland təmsilçisi PSV-də icarədə olub.
Zinçenko 2015-ci ilin oktyabrında debüt etdiyi Ukrayna millisinin heyətində 73 oyun keçirib, 12 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı Zinçenkonu 20 milyon avro məbləğində qimətləndirir.



