Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) növbəti görüşünə çıxıb.
Arena.az xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda Enmanuel Reyeslə (İspaniya) görüşüb.
Alfonso Fransa paytaxtında ardıcıl 3-cü qələbəsini qazanıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 30:27).
Qələbə sayəsində Dominqes finala vəsiqə qazanıb. Həlledici görüş avqustun 9-da baş tutacaq.
Alfonso Azərbaycanın boks tarixinə Olimpiadaların ikinci finalçısı kimi düşüb. Debütü Atlanta-1996-da gerçəkləşən boks yığmamız bunadək yalnız bir finalda təmsil olunub. Rio-2016-da Lorenso Sotomayor yarımfinalı uğurla keçib. Yalnız finalda uduzan boksçumuz Braziliyadan gümüşlə qayıdıb.
Azərbaycan boksçularının ilk medalı Sidney-2000-də əldə edilib. Həmin vaxtdan hər Olimpiadada mükafat qazanan millimizin hesabında ümumilikdə 10 medal var. Alfonsoya qədər 1 gümüş və 8 bürüncü olan yığmamızın yubiley mükafatının əyarı avqustun 9-dakı finalda bilinəcək.
10 medal 9 fərqli idmançının hesabındadır. Yalnız Alfonso ikinci dəfə fəxri kürsüyə qalxacaq. Tokio-2020-nin bürünc mükafatçısı bu dəfə daha yüksək əyarlı medal qazanacaq. O, qızıl medal qazanmaqla daha bir ilki gerçəkləşdirə bilər. Alfonso Azərbaycan tarixinə iki olimpiya medalı qazanan ilk boksçu kimi düşüb. O, finalda da qalib gəlsə, qızıl medal qazanacaq. Əks halda isə boksçumuz gümüş medalla kifayətlənəcək.
Xatırladaq ki, Alfonso Dominqes 1/8 finalda ikiqat olimpiya çempionu Xulio Sezar la Krusu (Kuba), 1/4 finalda isə Aybek Oralbayı (Qazaxıstan) məğlub etmişdi.
Alfonso Dominqes bu gün baş tutan yarımfinal görüşündən sonra açıqlama verib: “Təbriklərə görə təşəkkür edirəm. Artıq finaldayam. Heç bir rəqibimi zəif saymıram. Həlledici döyüşdəki rəqibim ya tacikistanlı, ya özbəkistanlı boksçu olacaq. Əlimdən gələn hər şeyi edəcəm ki, Azərbaycana qızıl medal bəxş edim. Olimpiadaya qızıl qazanmaq üçün gəlmişdim”.
Dominqesin finaldakı rəqibi Tacikistan və Özbəkistan təmsilçilərinin döyüşündən sonra bəlli olacaq.
Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Millimizin heyətində hələlik iki cüdoçu – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar.