Ali Koç: “Ən doğru qərarı birlikdə verəcəyik”

“Fənərbaxça”nın prezidenti Ali Koç “Trabzonspor”la səfər matçından sonrakı olaylarla bağlı klubun gələcək planlarından söhbət açıb.

Arena.az xəbər verir ki, o, Super Liqadan çəkilməyi istisna etmədiklərini vuğrulayıb:

“Mütəşəkkil bir şər içindəyik. Ədalətin bərqərar olmadığı bir mühitdə rəqabət aparmağa çalışırıq. Ümid edirəm ki, aprelin 2-də keçiriləcək toplantıda klub olaraq ən düzgün qərarı verəcəyik. İki əsas seçim var. Bunlardan biri heç nə etməməkdir. Mənə görə, bu, pis variantdır. Digəri isə Super Liqadan çəkilmək və bir müddət futbol fəaliyyətini dayandırmaqdır. Bu iki ifrat arasında müxtəlif məqamlar və alternativlər var. Məsləhətləşdikcə daha yeni ideyalar ortaya çıxır.

Sponsorlarla da görüşüb davam edib-etməyəcəklərini soruşduq, yazılı şəkildə təsdiq aldıq. Hətta bəzi sponsorlarımız daha böyük dəstək vermək istədiklərini bildirdilər. Bu mövzuda futbolçularımız və texniki heyətimizlə də görüşəcəyik. Ən ağıllı və doğru qərarı birlikdə verəcəyik”.

Ali Koç “Trabzonspor”la oyunda baş verənləri də xatırlayıb:

“Hətta televizorda matça baxanda da nə olacağı bəlli idi. Hesabda 2:0 öndə olduğumuz vaxt baş məşqçiyə “Meydandan çəkilə bilərsən, səlahiyyət səndədir” demişdim. Qarşılaşmada 2:0 öndə olduğumuz və çempionluq uğrunda mübarizə apardığımız bir vaxtda baş məşqçimizə belə bir mesaj göndərməli olmağım Türkiyə futbolunun ən böyük biabırçılığıdır. Əsl hücumlar tuneldə olub. Tunel görüntülərinə baxa bilmirik. Türkiyə Futbol Federasiyasına bağlı kameralar var, lakin bu görüntülərə baxa bilmirik.

Futbolçularımızın cəzalandırılacağını eşidirik. Futbolçular əlavə güc tətbiq etdilər. Futbolçular qaçmalı idi. Futbolçularımızı cəzalandırmaq niyyətindədirlər, amma ümid edirəm ki, bunu öz maraqları üçün etməzlər. Türkiyə futbolu beynəlxalq səviyyədə çox problem yaşayacaq. Hər şeyi edirlər, amma heç nə etməmiş kimi davranırlar. Nə edəcəyimiz bəlli deyil. Amma biz bu məsələni belə qoymayacağıq və bunu tamamilə açıq deyirik”.

Xatırladaq ki, sözügedən qalmaqala səbəb olan oyun martın 17-də Trabzonda baş tutmuşdu. “Fənərbaxça”nın 3:2 hesablı qələbəyə sevindiyi oyundan sonra “Trabzonspor” azarkeşləri qonaq komandanın futbolçularına hücum etmişdilər.

“Fənərbaxça” hazırda 79 xalla ikincidir və lider “Qalatasaray”dan cəmi 3 xalı geri qalır. “Trabzonspor” isə 49 xalla üçüncüdür.

Bahar Rüstəmzadə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: