“Beşiktaş”ın yeni prezidenti Hasan Arat “Fənərbaxça”nın prezidenti, eyni zamanda Klublar Birliyinin hazırkı rəhbəri Ali Koç ilə görüşüb.
Arena.az xəbər verir ki, “Fənərbaxça”nın prezidenti “Beşiktaş”ın yeni prezidenti Hasan Arata “təbrik” səfəri edib.
Görüşdə hər iki klubun digər rəhbər şəxsləri də iştirak ediblər. Görüşdən sonra hər iki klub prezidenti açıqlama veriblər. Onlar 2011-ci ilin Super Kubok matçının keçirilməsi üçün Türkiyə Futbol Federasiyasına müraciət edəcəklərini bəyan ediblər. Hansı ki, bu iki komanda arasında keçirilməli olan Super Kubok matçı həmin vaxt keçirilməmişdi.
Hasan Arat görüşlə bağlı bunları dilə gətirib: “Əzəli rəqibimiz, əbədi dostumuz “Fənərbaxça”nın prezidenti Ali Koçu və idarə heyyətinin üzvlərini görməkdən çox məmnunuq. Köhnə dost kimi yeni seçilmiş idarə heyətimizə baş çəkdilər. Biz qarşılıqlı fikir mübadiləsi apardıq. Bu gün ən mühüm nəticələrdən biri odur ki, Super Kubok finalını oynamaq üçün birlikdə müraciət etmək qərarına gəldik. Ən əsası, mən cənab Ali Koça atanın evinə xoş gəldin dedim. Klubumuzun ən yaşlı üzvü cənab Rəhmi Koçun reyestrinə yazılmış gözəl bir sənədi ona xatirə olaraq verdik. Bu səfərin daha sonra “Fənərbaxça” klubuna qarşılıqlı olaraq həyata keçiriləcəyini bildirdik. Hazırkı problemlərimizdən, futboldakı mövcud durumdan danışdıq. Bu, son dərəcə vacib bir görüş idi. Ümid edirəm ki, bu görüşlər türk futbolu və bütün cəmiyyətlər üçün örnək olar. Bu sülh mühitinin və xoş niyyət mübadiləsinin idman ictimaiyyətimizdə əks-səda doğurması bizim üçün vacibdir. Bu gün vacib bir gündür. Bütün klublarla əlaqələri bu şəkildə artırmaq bizim üçün faydalı olardı. Cənab Ali Koça və idarə heyətinin üzvlərinə təşəkkür etmək istəyirəm”.
“Bu, Türkiyəyə çox ciddi mesajdır”
Qapılarının hər zaman bütün klublara açıq olduğunu və dostluq mühitinin qorunması üçün əllərindən gələni edəcəklərini ifadə edən Arat daha sonra bunları vurğulayıb: “Beşiktaş”ın qapısı hər kəsə açıqdır. Hər kəs bizim dostumuzdur. Bunlar böyük icmalardır. Bu icmaların səfərləri çox mənalıdır. Bu, Türkiyəyə çox ciddi mesajdır. Hətta Ali bəy 1998-ci ildə hələ klub prezidenti olmayanda, biz həmən il Süleyman bəylə seçkilərdə qalib gəlmişdik. Həmən vaxtda bizi ziyarət etməyə gəlmişdi. Yenidən ziyarətə getdik. Bunlar baş verməlidir, bir araya gəlməliyik. Ümumi problemləri müzakirə etmək lazımdır. Meydanda hər cür rəqabət olacaq. Bu iqlimi bütün Türkiyəyə yaymaq çox faydalıdır. Gənclər bizi, idmançılarımızı nümunə götürürlər. Qarşılaşmalarda centlmen mübarizə aparmağa davam edəcəyik. Ortaq problemlərimizi masa arxasında müzakirə etməkdən qaçmamalıyıq”.
“Türkiyə futbolunun buna ehtiyacı var”
Görüşdə bir çox məsələlərin müzakirə edildiyini deyən “Fənərbaxça”nın prezidenti Ali Koç qonaqpərvərliyə görə Hasan Arata təşəkkür edib:
“İdarə heyətindəki dostlarımla birlikdə bura Hasan bəyə uğur arzulamaq üçün gəldim. Uzun sürən görüşümüzdə ortaq problemlərimizdən, türk futbolunun problemlərindən danışdıq. Harada bir-birimizə dəstək ola biləcəyimizi, harada güclərimizi birləşdirə biləcəyimizi danışdıq. Axı bu iki klubun DNT-sinə, tarixinə, ictimaiyyətlə münasibətlərinə, Cümhuriyyətə və Atatürk dəyərlərinə yaxın münasibətinə nəzər saldıqda, xüsusən də vətən məsələlərində çox paralel dəyərlərə malik iki klubdan söhbət gedir. Ona görə də burada əsas məqsədimiz meydanda və zallarda şiddətli rəqabət, meydandan kənarda isə konstruktiv rəqabətdir. Problemlərimiz, dərdlərimiz həmişə eynidir. Maliyyə məsələləri də eynidir. Bir çox məsələlərdə birgə hərəkət edərək büdcəmizi necə inkişaf etdirə biləcəyimizi danışdıq. Ən önəmli mövzularımızdan biri də 2011-ci ildən qalan Super Kubok matçıdır. Biz müraciət etmədən federasiya bunu təşkil etməli idi. Əvvəlki prezident Ahmet Nur Çebi ilə də razılaşdıq. Amma federasiyada kifayət qədər hərəkətlilik görmədik. Birgə müraciət edəcəyik. Təbii ki, qrafik çox sıxdır. Ən yaxın vaxt liqaların gələn mövsüm başlamasına qədər görünür. Təbii ki, bu qərarı futbolun rəhbəri olan TFF verəcək. Amma bu matçı mümkün qədər tez planlaşdırıb həyata keçirmək lazımdır. Burada səmimi, mehriban və qonaqpərvər qəbula görə hörmətli prezidentə və idarə heyətinə də təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, bu səfər, edəcəyimiz çoxlu səfərlərin başlanğıcı olacaq. Türkiyə futbolunun buna ehtiyacı var. Xeyirxahlıq yoluxucudur.
Biz əliboş gəlməmişik. İki klub bir-birinə 100 illik yubiley formalarını hədiyyə edib. Əcdadımızın çox gözəl portretini və fotoşəkilini hədiyyə etdik. İnşallah, prezidentimiz öz kabinetində asar. Rəhmi Koçun heç yerdə tapa bilmədiyimiz üzvlük vərəqinin çərçivəli variantını da mənə verdilər. Ehtimal edirəm ki, Rəhmi müəllim bunu məndən istəyəcək, amma verməyəcəyəm”.
Ali Koç Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşinin mümkün istefasının iclasda gündəmə gəlib-gəlməməsi ilə bağlı suala cavab olaraq bu sözləri deyib: “Bu, şübhəsiz ki, gündəmə gətirilməyib. Bu, buradakı görüşlə heç bir əlaqəsi olmayan bir sual idi”.
Nihad Əsədov


