Klublar Birliyinin rəhbəri, “Fənərbaxça”nın prezidenti Ali Koç digər klub prezidentləri ilə birlikdə İzmirdə Halil Umut Meleri ziyarət edib.
Arena.az xəbər verir ki, onlar İzmirdə Super Liqa çərçivəsində keçirilmiş “Ankaragücü” – “Rizəspor” matçından sonra Ankara tımsilcisinin keçmiş prezidenti Faruk Kocanın hücumuna məruz qalmış FIFA referisinə baş çəkiblər.
A.Koç və klub prezidentləri səhər saatlarında Melerin yaşadığı Pamucak Tur ərazisinə gələrək Halil Umut və ailəsi ilə görüşüblər. Melerin tezliklə sağalmasını arzuladığını bildirən Ali Koç səfərdən sonra mətbuata qısa açıqlama verib.
Melerin səhhətinin yaxşı olduğunu deyən A.Koç bunları dilə gətirib: “Bu ziyarətin reklamı ola bilməz. Ona sağlıq diləyib, ailəsi ilə görüşdük. Halil Umut Melerin sağlamlıq vəziyyəti gündən-günə yaxşılaşacaq. Hakimimizin əhvalını yaxşı gördük”.
Ali Koç, Halil Umut Melerin bundan sonra oyun idarə edib-etməyəcəyi ilə bağlı suala da cavab verib: “Düşünürəm ki, vaxtı gələndə özü düzgün qərar verəcək. Asan deyil, hadisənin üstündən bir neçə gün keçib. Əminəm ki, o, ən düzgün qərarı verəcək”.
Nihad Əsədov


