Alisson Bekker kəllə-beyin zədəsi aldı, millidən ayrıldı

Braziliya millisinin və “Liverpul”un əsas qapıçısı Alisson Bekker kəllə-beyin zədəsi alaraq, milli komandanın düşərgəsini tərk edib.

Arena.az məlumat verir ki, Alisson dünya çempionatının (DÇ-2026) CONMEBOL bölgəsi seçmə mərhələsinin Kolumbiya yığması ilə 13-cü tur ev oyununda (2:1) zədələnib.

Qapıçı Kolumbiya yığmasının 28 yaşlı mərkəz müdafiəçisi Davinson Sançeslə kəllə-kəlləyə toqquşmadan sonra, 77-ci dəqiqədə məcburi əvəzlənib.

“Meydanda o, heç bir bayılma və yaddaş itkisi haqda bildirmədi, onun huşu üstündə idi və daima səmtləşirdi. Biz onu əvəzlədik, belə ki, onun kiçik şikayətləri vardı, ona elə gəlirdi ki, o, azacıq ləngdir və onun beyin silkələnməsi keçirməsi ilə bağlı bəzi ehtimal vardı. Ona gör də müvafiq güman halında oyunçunu əvəzləmək tövsiyə edilir”, deyə Braziliya millisinin həkimi Rodriqo Lasmar bildirib.

Öz növbəsində, Alissonun çıxış etdiyi “Liverpul”un mətbuat xidməti qapıçının “qırmızılar”ın düşərgəsinə qayıdacağını və burada əsaslı tibbi müayinədən keçəcəyini təsdiqləyib. Beləliklə, Alisson DÇ-2026-nın CONMEBOL bölgəsi seçmə mərhələsinin Argentina yığması ilə 14-cü tur səfər oyununu buraxmalı olacaq.

Argentina – Braziliya oyunun martın 26-da keçiriləcək.

Alisson Bekker “İnternasyonal”ın yetirməsidir. Braziliyalı qapıçı “Liverpul”a 2018-ci ilin iyul ayında 62,5 milyon avro məbləğ müqabilində “Roma”dan keçib. Alissonun “qırmızılar”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Alisson “Liverpul” üçün 28 oyun keçirib, 22 qol buraxıb, 12 oyunda qapısının toxunulmazlığını təmin edə bilib.

Alissonun “Liverpul”un heyətində ümumi çıxışı 291 oyun, 258 buraxılmış qol, 126 “quru” oyundan ibarətdir.

Alisson Bekker Avropada klub səviyyəsində qazandığı bütün qənimətlərini “Liverpul”la əldə edib: İngiltərə Premyer Liqası (2019/2020), İngiltərə Kuboku (2022), İngiltərə Liqa Kuboku (2022, 2024), Çempionlar Liqası (2018/2019), UEFA Super Kuboku (2019/2020), FIFA Klub Dünya Kuboku (2020). “İnternasyonal”la isə Alisson Qauşu Çempionatının (Braziliyanın Riu-Qrandi-du-Sul ştatının çempionatı) dördqat (2012/2013, 2013/2014, 2014/2015, 2015/2016) qalibi olub.

Alisson Bekker 2015-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 72 oyuna çıxıb. Təcrübəli qapıçı bu oyunlarda 33 qol buraxıb, 44 oyunda isə qapısının toxunulmazlığını təmin edib. Alisson “selesao” ilə Amerika Kubokunun (2019) qalibi olub.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: