Ötən gecə futbol üzrə Almaniya Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun gününün yeganə görüşü 3-cü Liqa təmsilçisi “Saarbrüken”lə Bundesliqada çıxış edən Mönhenqladbax “Borussiya”sı arasında baş tutub.
Elita təmsilçisini 2:1 hesabıyla məğlub edən “Saarbrüken”, növbəti sensasiyaya imza atıb. Bu komanda daha öncə sonuncu Almaniya çempionu “Bayern”i, həmçinin “Ayntraxt” kimi Bundesliqa klublarını da sıradan çıxarmışdı.
Bununla da Almaniya Kubokunun yarımfinalında tarixi hadisə baş verib. Belə ki, kubokun yarımfinalına ilk dəfə 3 qeyri-Bundesliqa təmsilçisi vəsiqə qazanıb. Yarımfinalda yalnız 1 Bundesliqa klubu mübarizə aparacaq ki, bu da ispan mütəxəssis Xabi Alonsonun çalışdırdığı Leverkuzen “Bayer”idir.
“Əczaçılar”la yanaşı ölkə kubokunun yarımfinalına Bundesliqa 2-dən “Kayzerslautern” və Düsseldorf “Fortuna”sı, həmçinin 3-cü Liqadan “Saarbrükken” yüksəliblər.
“Opta Sport” statistik internet-portalının məlumatına görə, müvafiq hal Almaniya Kubokunun tarixində bir ilkdir.
Yarımfinalda “Saarbrüken” evdə “Kayzerslautern”lə, “Bayer” isə evdə Düsseldorf “Fortuna”sı ilə qarşılaşacaq. Oyunlar müvafiq olaraq aprelin 2-si və 3-nə təyin edilib.
Final oyunu mayın 25-də Berlinin “Olimpiya Stadionu”nunda baş tutacaq.
Xatırladaq ki, Almaniya Kubokunun ötənilki, 2022/2023 mövsümünün qalibi “Leypsiq”dir.
Yarışı ən çox qazanmış klub isə Almaniya nəhəngi “Bayern”dir.
Almaniya Kuboku
1/4 final
30 yanvar
Sankt-Pauli – Fortuna (Düsseldorf) 2:2 (penaltilər 3:4)
Qollar: Hartel, 60-pen. Buxalfa, 120+1 – Vermey, 38-pen. Tanaka, 99.
31 yanvar
Herta – Kayzerslautern 1:3
Qollar: Rise, 90+1 – Elvedi, 5. Taçi, 38. Kaloç, 69.
6 fevral
Bayer – Ştutqart 3:2
Qollar: Andrix, 50. Adli, 66. Ta, 90 – Anton, 11. Fuhrix, 58.
7 fevral
Saarbrüken – Borussiya (Mönxenqladbax) 2:1
Qollar: M.Naifi, 11; 90+3 – R.Hek, 90+3.


