Türkiyə Super Liqasında mübarizə aparan “Fatih Karagümrük” komandasının baş məşqçisi Alparslan Erdem istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
35 yaşlı məşqçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. İstefaya komandanın uğursuz çıxışı səbəb olub.
Xatırladaq ki, Alparslan Erdem “Fatih Karagümrük”də ötən mövsümün sonunda istefa vermiş Andrea Pirlonun köməkçilərindən biri idi. İtaliyalı mütəxəssis komandadan ayrılandan sonra İstanbul təmsilçisini mövsümün son üç matçına məhz Erdem çıxarmışdı. Komanda bu oyunlardan ikisini qələbə qazanmış, birində məğlub olmuşdu.
Yayda isə o, baş məşqçi təyin olunmuş və bir mövsümlük müqaviləyə imza atmışdı. İstanbul təmsilçisi bu müddətdə onun rəhbərliyi altında daha 16 oyun keçirib. Bu görüşlərdə 5 qələbə, 5 heç-heçə və 6 məğlubiyyət qeydə alınıb.
A.Erdem futbolçu karyerası dönəmində də “Fatih Karagümrük”də çıxış edib. O, 2019-2022-ci illər aralığında bu komandada forma geyinib və elə karyerasını İstanbul təmsilçisində başa vuraraq məşqçiliyə başlayıb.
“Fatih Karagümrük”ün yeni baş məşqçisinin də adına aydınlıq gəlib. Klub gürcü mütəxəssis Şota Arveladze ilə prinsipial razılığın əldə olunduğunu açıqlayıb. Tərəflər arasındakı müqavilənin müddəti təqdimat mərasimindən sonra müəyyənləşəcək.
Son olaraq İngiltərənin Çempionşip komandalarından olan “Hall Siti”nin baş məşqçisi olmuş Arverladze, daha əvvəldə Super Liqada “Trabzonspor”, “Kasımpaşa” və “Kayserispor”u çalışdırıb. 2022-ci ilin sentyabr ayından işsiz olan 50 yaşlı mütəxəssis “Paxtakor” (Daşkənd), “Makkabi” (Təl-Əviv) komandalarının da baş məşqçisi olub.


