Ançelotti Super Liqa haqqında: “Bu, futbol tarixini dəyişəcək”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Avropa Super Liqasının yaradıla biləcəyi ilə bağlı məlumatlara münasibəti haqda sualı cavablayıb.

Arena.az bu barədə “Madrid Universal” dərgisinə istinadən məlumat verir.

İtalyan mütəxəssis bu ideyanın tərəfdarlarından olduğunu dolayısı ilə təsdiqləyib:

“Bu məsələyə münasibət bildirmək üçün dekabrın 21-də nə baş verəcəyini gözləmək lazımdır. Ola bilsin ki, indiki futbolun tarixini dəyişəcək mühüm bir hadisə baş verəcək. Oyun təqvimi və daha çox şey dəyişdiriləcək. Ancaq biz səbirli olmalıyıq”, deyə Ançelotti bildirib.

Xatırladaq ki, daha əvvəl mətbuatda “qaymaqlılar”ın prezidenti Florentino Peresin iki və ya üç divizionun daxil ola biləcəyi Super Liqanın yaradılması ilə bağlı 50-60 klubla danışıqlar apardığı barədə məlumatlar yayılmışdı. Həmçinin dekabrın 21-də UEFA və FIFA-ya qarşı antiinhisar iddiası üzrə Avropa İttifaqının məhkəməsi keçiriləcək. Əgər iddia təmin edilərsə, klublar heç bir pis nəticə gözləmədən bu qurumların himayəsi altında keçirilən turnirlərdə iştirakdan imtina edə biləcəklər. Belə olan halda, UEFA-nın himayəsi altında keçirilən qitənin ən mötəbər turniri Çempionlar Liqasının da zərərsiz ötüşməyəcəyi aşkardır.

Vurğulayaq ki, 2021-ci ildə Florentiono Peresin fəal surətdə təşviq etdiyi Super Liqa ideyası UEFA başda olmaqla, Avropa futbol ictimaiyyəti tərəfəindən qınağa tuş gəlmişdi. Müvafiq turnirin təşkilinə çalışan Avropanın 12 aparıcı klubundan 9-u bu ideyadan imtina etmişdi. Hazırda Super Liqa ideyası ətrafında ittifaqa 3 klub daxildir: “Real”, “Barselona” və “Yuventus”.

Xəbəri sosial şəbəkələrdə paylaş: