“Mançester Yunayted”in kamerunlu qapıçısı Andre Onana mankunianlıların “Bayern”ə məğlubiyyətində (3:4) özünü təqsirkar bilir.
Arena.az məlumat verir ki, Onana “Mançester Yunayted”in Çempionlar Liqasının A qrupunda 1-ci tur çərçivəsində səfərdə “Bayern”ə məğlubiyyətinin məsuliyyətini öz üzərinə götürüb:
“Məğlubiyyətə görə bütün məsuliyyət mənim üzərimdədir. Mənə görə məğlub olduq və mən bu oyundan dərs almalıyam. Komandanın etimadını doğrultmadım. Hələ çox şeyi sübut etməliyəm. Düzünü desəm, mənim “Mançester Yunayted”də başlanğıcım yaxşı olmadı”.
Xatırladaq ki, Münhenin “Alyans Arena”sında keçirilmiş oyun “Bayern”in 4:3 hesablı qələbəsi ilə başa çatıb. Münhenlilərin heyətində Leroy Sane, Serj Qnabri, penaltidən Harri Keyn və Matis Tel, “qırmızı şeytanlar”dan isə Rasmus Höylund və dubla imza atan Kazemiro fərqlənib.
Qrupun digər oyununda “Qalatasaray” “Kopenhagen”lə oyunda 2:2 hesablı heç-heçə oynayıb. A qrupuna 3 xalla “Bayern” liderlik edir, “Kopenhagen” və “Qalatasaray” 1 xalla müvafiq olaraq 2-ci və 3-cü yerdə qərarlaşıblar. “Mançester Yunayted” isə hələlik autsayderdir.
Xatırladaq ki, Onana “Mançester Yunayted”ə cari ilin artıq geridə qalmış yay transfer pəncərəsində “İnter”dən 52 milyon avro qarşılığında keçib. “Mançester Yunayted” kamerunlu qapıçı ilə 5 illik – müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Cari mövsümdə Onana “qırmızı şeytanlar”ın heyətində 6 oyuna çıxıb, 14 qol “yeyib”, cəmi 1 oyundan “quru” qurtulub.
Onana 2016-cı ilin sentyabrında debüt etdiyi Kamerun yığmasının heyətində 35 oyun keçirib, 29 qol buraxıb, 15 oyunda qapısının toxunulmazlığını təmin edib.
“Transfermarkt” internet-portalı 27 yaşlı Andre Onananı 35 milyon avro məbləğində qiymətləndirir.


