Andres İnyesta BƏƏ klubu ilə müqavilə bağladı

Futbol üzrə İspaniya milli komandasının sabiq yarımmüdafiəçisi Andres İnyesta bundan sonra Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) oynayacaq.

Arena.az xəbər verir ki, bu yay Yaponiyanın “Vissel Kobe” klubundan azad agent kimi ayrılmış 39 yaşlı futbolçu BƏƏ çempionatında mübarizə aparan “Emireyts” komandasına keçib.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.

Xatırladaq ki, Andres İnyesta 2018-ci ilin yayından Yaponiyada çıxış edirdi. O, “Vissel Kobe”də 134 oyuna çıxıb, 26 qol və 25 məhsuldar ötürmə müəllifi olub.

İnyesta 2002-2018-ci illər aralığında İspaniyanın “Barselona” klubunda forma geyinib. O, Kataloniya təmsilçisində 674 oyuna 57 qol vurub, 137 assistlə yadda qalıb. Ulduz futbolçu İspaniya klubu ilə çoxsaylı titullar qazanıb, rekordlara imza atıb. O, İspaniya milli komandasında da 131 matç keçirib, 14 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: