“Ankaragücü” bu mövsüm dördüncü baş məşqçiyə tapşırıldı

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Ankaragücü” komandası baş məşqçi postunda növbəti dəfə dəyişiklik edib. Arena.az xəbər verir ki, Ankara klubu bu ilin fevral ayında baş məşqçi təyin etdiyi Sedat Ağçayı istefaya göndərib.

Artıq komandanın yeni çalışdırıcısı da bəllidir. Paytaxt komandasını bundan sonra Tolunay Kafkas çalışdıracaq. Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 55 yaşlı mütəxəssislə 1.5 illik müqavilə imzalanıb.

Tolunay Kafkas son olaraq 2016/17 mövsümündə “Akhisarspor” komandasına rəhbərlik edib. O, daha öncə “Kayserispor”, “Karabükspor”, “Trabzonspor”, “Qaziantepspor” klublarında da baş məşqçi kimi çalışıb, həmçinin Türkiyənin U-21 yığmasına başçılıq edib.

Sedat Ağçaya gəlincə, o, futbolçu karyerası dönəmində son olaraq məhz Ankara komandasının uğurları üçün çalışıb. 2017-ci ildən formasını geyindiyi bu komandada 83 oyuna 2 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olan Ağçay, 2020-ci ilin avqust ayında futbolçu karyerasını bitirmişdi. Elə bu klubda məşqçiliyə başlamış 41 yaşlı mütəxəssis bir müddət əvvəlki baş məşqçi Ömer Erdoğanın köməkçisi kimi çalışmışdı. Erdoğanın istefasından sonra isə klub rəhbərliyi məhz komandanı daha yaxından tanıyan Ağçayı baş məşqçi təyin etməyə qərar vermişdi. Onunla müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulsa da, rəhbərlik uğursuz nəticələr səbəbindən bu mütəxəssisə də çox işləmək imkanı verməyib.

Xatırladaq ki, “Ankaragücü” bu mövsümə Mustafa Dalcının rəhbərliyi altında başlamışdı. Onu istefaya göndərən klub rəhbərliyi Ömer Erdoğanla anlaşmışdı. Bir sözlə, Tolunay Kafkas bu mövsüm paytaxt təmsilçisinə rəhbərlik edəcək dördüncü baş məşqçi olacaq.

Ankara təmsilçisi Super Liqada bu mövsüm keçirdiyi 24 oyunda cəmi 25 xal toplayıb. Komanda hazırda 19 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: