“Antalyaspor”da bir ayrılıq, bir yeni futbolçu

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Rusiyanın “Lokomotiv” (Moskva) klubunun müdafiəçisi Mark Mampassini heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ukraynada dünyaya göz açmış, Rusiya vətəndaşlığına da malik olan 19 yaşlı futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.

Mark Mampassi Donetsk “Şaxtyor”unun yetirməsidir. Mərkəz müdafiəçisi bu klubda olarkən “Mariupol”da icarədə də oynayıb. 2021-ci ilin yanvar ayında isə o, 3 milyon avro qarşılığında “Lokomotiv”ə transfer olunub. Gənc futbolçu Moskva təmsilçisində 21 oyun keçirsə də, fərqlənə bilməyib. Mampassi Ukraynanın U-17 və U-19 yığmalarında da forma geyinib.

“Antalyaspor” yarımmüdafiəçisi Soner Aydoğdu ilə də yollarını ayırıb. 32 yşalı futbolçu “Samsunspor”a transfer olunub. Türkiyə millisinin sabiq üzvü yeni klubu ilə 2025-ci ilin 30 iyununa kimi anlaşıb. O, 2022-ci ilin yayında “Başakşəhər”dən Antalya təmsilçisinə keçmişdi. Təcrübəli yarımmüdafiəçi bu komandada 16 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Aydoğdu daha öncə “Göztəpə”, “Akhisarspor”, “Trabzonspor”, “Gənclərbirliyi”, “Başakşəhər” və “Hacettepe” kimi klubların da formasını geyinib. Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış yarımmüdafiəçi, əsas millidə 2 matça çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: