Antoni: “Heç vaxt qadına əl qaldırmamışam”

Braziliya milli komandasının və “Mançester Yunayted”in vingeri Antoni qadınlara qarşı zorakılıq iddialarına münasibətini açıqlayıb:

Arena.az məlumat verir ki, o, bu barədə Braziliyanın SBT telekanalına müsahibəsi zamanı danışıb:

“Yox. Heç bir halda. Yüz faiz zəmanət verirəm ki, mən heç vaxt qadına əl qaldırmamışam. Və mən sübutlar gətirəcəyəm. İnsanlar həqiqəti görəcəklər.

İnanın, mən heç vaxt fiziki zorakılıq etməmişəm. Şifahi söz atışmaları hər iki tərəfdən olub, amma fiziki zorakılıq – heç vaxt. Heç bir şeyim olmayanda, uşaqlıqdan məni izləyən hamı, mənim xasiyyətimi və bura gəlib çıxmaq üçün nə qədər çalışdığımı bilir. Mən çox şeyə nail olmaq istəyirəm. Mənim çoxlu məqsədlərim və arzularım var. Mən əslində kim olduğumu göstərmək istəyirəm. Mən milli komandaya qayıtmağı xəyal edirəm və bütün bunlarda günahsız olduğumu göstərmək istəyirəm.

Mən həqiqəti bilirəm, ona görə də əminəm ki, karyeramın xitamı baş verməyəcək. Buna əminəm. Mən həqiqəti bilirəm və bunun baş verməyəcəyini də bilirəm”.

Keçmiş məşuqəsindən və daha iki qadından Antoniyə ittiham

Xatırladaq ki, daha əvvəl Antoninin keçmiş məşuqəsi Qabriela Kavallin “qırmızı şeytanlar”ın futbolçusunun ailədaxili zorakılığı barədə danışmış, futbolçunu müvafiq məsələdə ittiham etmişdi. Daha sonra Antoni özü də bəyanat verərək saxta ittihamların qurbanı olduğunu bəyan edib. Bundan sonra isə daha iki qadın Antonini cinsi zorakılığa cəhddə ittiham etmişdi.

Müvafiq məsələ ilə əlaqədar Braziliya millisinin rəhbərliyi Antonini müvəqqəti olaraq komandadan kənarlaşdırıb.

Öz növbəsində müvafiq hallara qarşı barışmaz mövqeyi ilə səciyyəvi olan “Mançester Yunayted” hadisə ilə bağlı təhqiqatlar bitənə qədər gözləmə mövqeyində qalacağını və şərh verməyəcəyini bəyan edib. Klub hadisə ilə bağlı zərərçəkmişlərin üzülməməsi üçün təhqiqat bitənə qədər ictimaiyyətdən səbr və anlayış göstərməsi xahişi ilə çıxış edib.

Daha əvvəl “qırmızı şeytanlar” zorlamada təqsirli bilinən futbolçusu Meyson Qrinvudun işi ilə bağlı daxili araşdırma aparmış və onunla yollarını ayıraraq hücumçunu “Xetafe”yə icarəyə göndərmişdilər.

Antoni “San-Paulu”nun yetirməsidir və 2018-2020-ci illərdə burada çıxış edərək “Ayaks”a transfer edilib. Braziliyalı vinger “Ayaks”la iki dəfə Niderland çempionatını (2020/2021, 2021/2022) və Niderland Kubokunu (2020/2021) qazanıb. O, 2022-ci ildə “Ayaks”dan “Mançester Yunayted”ə keçib. Ötən mövsüm futbolçu MY-nin heyətində 44 oyuna çıxıb, 8 qol vurub, 3 məhsuldar ötürmə verib və komandası ilə İngiltərə Liqa Kubokunu qazanıb. Cari mövsümdə isə braziliyalı vinger “qırmızı şeytanlar”ın heyətində 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Antoninin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvdədir.

Antoni 2021-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 16 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Antonini 60 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: