“Arsenal”da Martin Edeqor şoku

London “Arsenal”ının kapitanı Martin Edeqor dizindən aldığı zədə səbəbindən bir müddət yaşıl meydanlardan kənarda qalacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

Edeqor komandasının “Vest Hem”lə son oyununda dizindən zədələnib. Futbolçuya diz oynağının iç yan bağının zədələnməsi diaqnozu qoyulub. Norveçli yarımmüdafiəçinin noyabrın sonuna kimi oynaya bilməyəcəyi gözlənilir.

Edeqor bu müddət ərzində “Fulhem”, “Kristal Pelas”, “Brayton” və “Börnli” ilə Premyer Liqa, həmçinin “Atletiko” (Madrid) və “Slaviya” (Praqa) ilə UEFA Çempionlar Liqası, eləcə də “Sanderlend”lə İngiltərə Liqa Kuboku matçlarını buraxacaq.

Xatırladaq ki, Martin Edeqorun erkən yeniyetməlik dövrü “Drammen Stronq” və “Strömsqodset” klublarında keçib. 2015-ci ildə “Real”a keçmiş Edeqor gənc yaşına rəğmən gələcək vəd edib. Martin 6 il (2015-ci ildən 2021-ci ilə qədər) Madrid klubunun sistemində olub. “Kral klubu”ndakı güclü rəqabət Edeqoru kirayələrdə dolaşmağa məcbur edib, norveçli futbolçu “Herenven”, “Vitess”, “Real Sosyedad”ın uğurları üçün çalışıb və püxtələşərək sonda “Arsenal”ın hədəfinə düşüb.

Norveçli futbolçu “Arsenal”a 2021-ci ilin yanvarında qoşulub. Əvvəlcə, “topçular” gənc Martini “Real”dan icarəyə götürüblər, sonra isə norveçli yarımmüdafiəçi ilə tamhüquqlu əsasda müqavilə imzalayıblar. Edeqorun “Arsenal”la 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Cari mövsümdə Martin “Arsenal”da 7 oyun keçirib, 2 məhsuldar ötürmə müəllifi olub. Edeqor “topçular”ın heyətində ümumilikdə 205 oyun keçirib, 41 qol vurub, 40 məhsuldar ötürmə verib.

Edeqorun qənimətlər muzeyində “Real”la UEFA Super Kuboku (2016/2017), “Real Sosyedad”la İspaniya Kral Kuboku (2019/2020), “Arsenal”la İngiltərə Super Kuboku (2024) var.

Edeqor kapitanı olduğu Norveç yığmasının heyətində 2014-cü ilin avqustunda – 15 yaş 253 günlüyündə debüt edib və müvafiq nəticə ilə Norveç yığmasının rekordçusudur. Martin bu müddətdə yığmada 67 oyun keçirib, 4 qol vurub, 18 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı norveçli yarımmüdafiəçinin transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın