“Arsenal”da Mikel Merino şoku

İngiltərənin “Arsenal” komandasının yeni transferlərindən olan Mikel Merino zədə səbəbindən bir neçə həftə oynamayacaq.

Arena.az xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Mikel Arteta məlumat verib.

İspan mütəxəssisin sözlərinə görə, 28 yaşlı yarımmüdafiəçi məşq zamanı Qabriel Jezusla mübarizədə zədələnib. Bu üzdən də onun bir müddət məcburi istirahət etməsi lazım gələcək. İspan futbolçunun dəqiq bərpa müddəti açıqlanmır.

Xatırladaq ki, “Arsenal” Mikel Merinonu avqustun 27-də 32 milyon avro müqabilində İspaniya təmsilçisi “Real Sosyedad”dan transfer edib. 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Mikel Merino “Osasuna”nın yetirməsidir. O, 2016-2017-ci illərdə Dortmund “Borussiya”sında, 2017-2018-ci illərdə “Nyukasl”da da legioner həyatı yaşayıb. 2018-ci ildə ölkəsinə qayıtmış ispan yarımmüdafiəçi həmin vaxtdan bəri “Real Sosyedad”da çıxış edirdi. O, La Liqa təmsilçisinin heyətində 242 oyun keçirib, 27 qol vurub, 30 məhsuldar ötürmə müəllifi olub.

2020-ci ildən İspaniya yığmasında çıxış edən Merino, millidə 28 oyuna 2 qol və 4 məhsuldar ötürmə müəllifi olub.