London “Arsenal”ının mərkəz müdafiəçisi Qabriel Maqalyayns zədə səbəbindən 2024/2025-ci illər mövsümünü erkən başa vurub.
Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
27 yaşlı futbolçu Premyer Liqanın 30-cu turu çərçivəsində keçirilmiş “Fulhem”lə keçirilən ev oyununda (2:1) dizindən ciddi zədə alıb. Bu üzdən də o, qarşılaşmanın 16-cı dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb. Yaxın günlərdə əməliyyat olunacaq braziliyalı oyunçu yalnız gələn mövsüm “topçular”a kömək edə biləcək.
Qabriel dos Santos Maqalyayns Braziliyanın “Avai” klubunun yetirməsidir. Braziliyalı müdafiəçi Fransanın “Lill”, “Trua”, Xorvatiyanın “Dinamo” (Zaqreb) klublarında da çıxış edib. “Arsenal” Qabrieli 2020-ci ilin sentyabrında “Lill”dən 26 milyon avro müqabilində transfer edib. Maqalyayns cari mövsümdə meydana çıxdığı 42 oyuna 5 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Qabrielin “Arsenal” karyerası bütövlükdə 210 oyun, 20 qol və 4 məhsuldar ötürmədən ibarətdir.
Braziliyanın U-20 və U-23 yığmalarında da oynamış Qabriel Maqalyayns 2023-cü ilin sentyabrında əsas millidə də debüt edib. O, Braziliya milli komandasının heyətində meydana çıxdığı 14 oyunda 1 qol vurub.
“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.


