“Arsenal”ın məzunu həbsə məhkum edildi – Narkotikə görə

“Arsenal”ın məzunu, ingiltərəli keçmiş hücumameylli yarımmüdafiəçi Cey Emmanuel-Tomas narkotik qaçaqmalçılığına görə həbsə məhkum edilib.

Arena.az BBC-yə istinadən məlumat verir ki, Emmanuel-Tomas 4 illik həbs cəzası alıb.

2024-cü ildə həbsə alınmış Emmanuel-Tomas, həbsindən dərhal sonra o vaxt çıxış etdiyi, Şotlandiyanın “Qrinok Morton” klubundan qovulub. Böyük Britaniya sərhədçiləri Tailandın paytaxtı Banqkokdan uçub gəlmiş futbolçunun iki çemodanında ümumilkdə 60 kiloqrama yaxın narkotik maddə aşkarlayıblar. Emmanuel-Tomas söhbəti uzatmağa lüzum görmədən təqsiri etiraf edib. Müvafiq məqam hüquq-mühafizə orqanları tərəfindən yüngülləşdirici hal kimi qeydə alınıb.

Futbolçudan götürülmüş narkotik maddənin ümumi dəyəri təxminən 600 min funt-sterlinq məbləğ təşkil edib. Emmanuel-Tomasa hökm Çelmsford Kral Məhkəməsi tərəfindən oxunub.

“Arsenal”ın futbol akademiyasını məzunu olan Emmanuel-Tomas 2008-2011-ci illərdə “topçular”ın klub sistemində olub, 1 oyun keçirib. Bu müddətdə futbolçu “Blekpul”, “Donkaster Rovers” və “Kardiff Siti”də icarələrdə oynayıb. Ardınca isə Emmanuel-Tomas “İpsviç Taun”, “Bristol Siti”, “Kuinz Park Reyncers”, “Milton-Kins Dons”, “Cillingem”, “PTT Rayonq”, “Livinqston”, “Aberdin”, “Camşedpur”, “Kidderminster Harriers” və “Qrinok Morton”da çıxış edib.

Cey Emmanuel-Tomas İngiltərənin U-17 və U-19 yığmalarına cəlb edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: