Avropa çempionatı: Millimiz 4-cü darmadağına üzüldü

Bakı İdman Sarayında 17 yaşadək həndbolçu qızlardan ibarət yığma (U-17) komandalar arasında təşkil olunmuş Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, bu gün qrup mərhələsinin dördüncü turuna start verilib.

Günün ilk matçında Gürcüstan və Sloveniya komandaları üz-üzə gəliblər. Görüş daha inamlı oyun nümayiş etdirən Sloveniya millisinin qələbəsi ilə nəticələnib – 30:14.

Lüksemburq – Farer adaları qarşılaşması daha gərgin mübarizə ilə yadda qalıb. İlk hissəsi 14:12 hesabı ilə bitən oyunda qalib müəyyənləşməyib – 24:24.

İspaniya millisi 4-cü turda İsrail kollektivi üzərində asan qələbə qazanıb – 37:15. Azərbaycan millisi isə bu gün Litva yığması ilə qarşılaşıb. Matç litvalıların 47:14 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Azərbaycan millisi bundan əvvəlki oyunlarında Gürcüstan (13:39), Sloveniya (6:58), Bosniya və Herseqovina (17:61) yığmaları ilə oyunlardan da məğlub ayrılmışdı.

Sabah Farer adaları – İspaniya, Gürcüstan – Bosniya və Herseqovina, Lüksemburq – Yunanıstan və Sloveniya – Litva görüşləri baş tutacaq. Məhz bu oyunlarla qrup mərhələsinə yekun vurulacaq.

Avqustun 5-də start götürmüş Bakıdakı Avropa çempionatı ayın 13-də yekunlaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: