Bakı İdman Sarayında 17 yaşadək həndbolçu qızlardan ibarət yığma (U-17) komandalar arasında təşkil olunmuş Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, bu gün qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib.
Bakı İdman Sarayının meydançasına əvvəlcə Yunanıstan və İsrail komandaları çıxıblar. Maraqlı idman mübarizəsi ilə yadda qalan görüş İsrail həndbolçularının 28:22 hesablı qələbəsi ilə nəticələnib.
A qrupunda keçirilən Litva – Gürcüstan matçında litvalılar daha inamlı oyun nümayiş etdiriblər. Rəqibin sürətli həmlələrinə tab gətirə bilməyən Gürcüstan komandası 23:37 hesabı ilə məğlub olub.
B qrupunun İspaniya – Lüksemburq görüşü də favoritin asan qələbəsi ilə başa çatıb. Səviyyə fərqinin açıq-aşkar büruzə verdiyi oyundan ispaniyalılar qalib ayrılıblar – 33:13.
Azərbaycan millisi isə 3-cü turda Bosniya və Herseqovina komandası ilə qarşılaşıb. Oyun 61:17 hesabı ilə rəqibin xeyrinə nəticələnib.
Xatırladaq ki, Azərbaycan millisi ilk turda Gürcüstan (13:39), ikinci turda isə Sloveniya (6:58) ilə oyunlardan da məğlubiyyətlə ayrılmışdı.
Avqustun 5-də start götürmüş Bakıdakı Avropa çempionatı ayın 13-də yekunlaşacaq.


