Avropa Super Liqası özünü kağız üzərindən gerçək həyata keçirmək istiqamətində səylərini ciddi cəhdlə davam etdirir.
Arena.az “Ouest France” nəşrinə istinadən məlumat verir ki, Avropa Super Liqasının sahibi olan “A22 Sports Management” şirkətinin həmtəsisçisi Anas Laqrari azarkeşlər üçün futbol abunəliyinin 10 avroya başa gələcəyini bildirib.
Vurğulayaq ki, məbləğ cüzi olsa da, daha əvvəl Super Liqa futbol abunəliyinin havayı olacağı haqda cani-dildən boğazını cırırdı.
Xatırladaq ki, ötən il dekabrın 21-də Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən fəaliyyətlərini qanunsuz elan edib. Hazırda bu təşkilatların Avropada klub futbolu yarışlarında inhisar hüququ yoxdur və Avropa qanunlarına əsasən Super Liqa rəsmən yaradıla bilər.
Eyni zamanda, 2021-ci ilin mayında Super Liqa UEFA və FIFA-nı rəqabət qanunlarını pozmaqda ittiham etmişdi. Həmin ilin aprelində Avropanın 12 nəhəng klubu Super Liqanın yaradıldığını elan etmişdi. Bu “lotular”a İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Real”, “Barseona”, “Atletiko” (Madrid), həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi. Hazırda bu düşərgədə Super Liqa fikrinin müəllifi “Real” və “ələkçinin qılverəni” qismində “Barselona” qalıblar. Digər klublar UEFA-nın düşərgəsinə keçiblər. Buna rəğmən, “Napoli” gerçəkdə təsis ediləcəyi halda Super Liqada iştirakını klubun prezidenti Aurelio De Laurentiisin dilindən rəsmən bəyan edib. Super Liqaya münasib baxışları olan və hələ hadisələri izləməklə susmaq mövqeyi tutmuş klubların çox olduğu bildirilir.
Vurğulanır ki, klubların zahirdə UEFA-nın ətrafında mühafizəkar mövqe tutmasına rəğmən, yarışın özünü maliyyə baxımından doğruldacağı halda, onların Super Liqada iştirak haqda düşünə biləcəyi qaçılmazdır.
Hazırda Super Liqa gerçək yarışını təşkili istiqamətində təşkilati işlərlə məşğuldur. Hesabata görə, bu məzmunda danışıqlar aparılmış 50 klubdan 20-si Super Liqanın lehinə çıxış ediblər.
Hadisələrin inkişafı gözlənilir.


