“Ayın qolu”: Tırkovyanu, Voronsov və Məmmədzadə – Video

Peşəkar Futbol Liqası (PFL) Premyer Liqasının 2025/26 mövsümündə “Ayın qolu” layihəsinin sentyabr ayının qalibinin adını açıqlayıb.

Arena.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Şamaxı”nın legioner futbolçusu Andrey Tırkovyanunun dəqiq zərbəsi sentyabr ayının ən yaxşı qolu seçilib. O, Premyer Liqanın 4-cü turu çərçivəsində “Karvan”a qarşı keçirdikləri oyunda baxımlı qola imza atmışdı. Andreyin kornerdən qol vurduğu oyunda komandası 3:0 hesablı qələbəyə sevinmişdi.

Maraqlıdır ki, bu mövsümün ilk oxşar mükafatı da “Şamaxı”nın futbolçusuna qismət olmuşdu. Əyalət təmsilçisinin digər legioneri Dioqo Balaunun 2-ci turda “Sabah”a vurduğu qol avqust ayının ən yaxşısı seçilmişdi.

Birinci və İkinci Liqalarda da sentyabr ayının qalibləri müəyyənləşiblər. Birinci Liqada bu nominasiyada Ruslan Voronsov, İkinci Liqada Tural Məmmədzadə birinci olub.

Qeyd edək ki, PFL Premyer Liqada, Birinci Liqada və İkinci Liqada “Ayın qolu” layihəsinin qaliblərini 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: