Ayxan Abbasov: “Heyətlə bağlı ciddi problemlərimiz var”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sabah böyük bayramdır. Şəhidlərimizə Allah rəhmət eləsin. Onların və Müzəffər Ordumuzun sayəsində bu qələbəni əldə etmişik. “Qarabağ”ı isə bu qələbə və Avropa Konfrans Liqasında mərhələ adlamaları münasibətilə təbrik edirəm. Azarkeşlərimizə də təşəkkürümü bildirirəm.

Oyuna itkilərlə çıxmışdıq. Belə məğlubiyyətlərdən dərs çıxarmalıyıq. Futbolçularıma dedim ki, ruhdan düşməsinlər. Qarşıdakı oyunlara hazırlaşmalı, xallar qazanmağa çalışmalıyıq ki, rəqiblərdən geri qalmayaq. “Qarabağ” son aylar yüksək tempdə oynayır və qələbələr qazanır.

Çempionata 5 stopperlə başlamışdıq. Onların bəziləri zədələndi, bəziləri hazırda toplanışdadır. Biz də əvəzedici heyətdəki futbolçuları nəzərdən keçirdik. Emil Əliyevin debüt matçında “Qarabağ” kimi komandaya qarşı oynaması çətin sınaq idi. Orta xətdə də problemimiz var. Murad Xaçayev cəzalıdır. Böyük komandalar kimi olmaq bizim üçün çox çətindir. Bununla belə əzmkarlıq göstərdik. Əlimizdəki gənclərdən yararlanmağa çalışırıq.

“Qarabağ” hazırda yaxşı heyətə malikdir. Bu komanda ötən mövsümdəkindən daha yaxşıdır. Amma bu, o demək deyil ki, hər oyunda udmalıdırlar. Məncə, “Neftçi” yenə də “Qarabağ”la çempionluq mübarizəsi aparacaq”.

Ayxan Abbasov bəzi futbolçularının bu dəfə milliyə çağırılmamasına belə münasibət bildirib: “Mənim üçün sürpriz olmadı. Amma bəzi narahat şəxslər indi rahat yata bilərlər. Rəhim Sadıxova son oyunlar elə də şans verilmirdi. Hərə bir siyahı tərtib edə bilər. Baş məşqçinin verdiyi qərara nə deyim”?

Baş məşqçi Murad Xaçayevə verilmiş 5 oyunluq cəza ilə bağlı apellyasiyanın qəbul edilməməsinə isə bu cür reaksiya verib: “Baş məşqçilərin hakimlik barədə fikirlərini pis qəbul edirlər. Amma onları da başa düşmək lazımdır. Murad son zamanlar yaxşı formada idi, indi onu 5 oyunluq itirmək çətindir. Bizdə həmin mövqedə də problemlər var”.

Xəbəri sosial şəbəkələrdə paylaş: