“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 32-ci turunda “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Çətin və maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Birinci hissədə mübarizə daha çox meydanın mərkəzində getdi. İkinci yarıda futbolçularımdan sürətli hücumlar görmək istəyirdim. İkinci hissəyə baxsaq, 2 xal itirən biz olduq. Komandamdan razı qaldım. Xallarımızın üstünə xal gəldi. Rəqibin üstün cəhətlərini bilirdik. Elə bundan da qol vurdular. Ondan sonrakı standart vəziyyətlərdə futbolçularım yaxşı çıxış etdilər. Hər xal bizim üçün vacibdir. Daha yuxarı pillələrə qalxmağa çalışırıq”.
Ayxan Abbasov zədədən sonra yenidən sıraya dönmüş Leroy Mikelsin bu gün fərqli mövqedə oynamasına da aydınlıq gətirib:
“Sistemə baxsaq, mövqeyi hücum görünürdü. Amma oyunun içində bəzi detallar var idi. Məncə, tapşırıqları yerinə yetirdi. İkinci hissədə daha yaxşı idi. Tam hazır deyil. Amma Leroya inanırıq. Zədədən sonra pis performans göstərmədi”.
Azərbaycanın U-21 yığmasının da baş məşqçisi olan Ayxan Abbasov Birinci Liqada və Əvəzedicilər Liqasında izlədiyi futbolçular barədə də danışıb:
“Əvəzedicilər Liqasında daha çox 2006-2007-ci il təvəllüdlü futbolçulara baxıram. Onlar bizim gələcəyimizdir. Birinci Liqa maraqlı oldu. “İmişli” – “Qəbələ” matçını izlədim. Yaxşı mənada təəccübləndim. Oyunçular var. Əvəzedicilər Liqasından da bəyəndiyimiz futbolçu var. “Şamaxı”ya gətirmək istəyirik. İnanmaq lazımdır. Bu gün Rüfət Abbasovla Edqar Adilxanov göz qabağındadır. Çempionatda stabil oynayırlar. Rauf Rüstəmlinin bugünkü performansına baxın. Azərbaycanda ən yaxşı dayaq yarımmüdafiəçilərindən ola bilər”.
Ayxan Abbasov klubların yerli futbolçulara çox inanmamasına dair sualı isə belə cavablandırıb:
“İnanmaq lazımdır. Burada futbolçuların da günahı var, klubların da. Tez bir zamanda nəticə qazanmaq istəyirik. Bəzi klublar fəlsəfələrini öz büdcələrinə uyğun seçməlidir. Birinci Liqadan gələn komanda fikirləşir ki, 10 legioner gətirib oynatsın. Amma əziyyəti olan yerli oyunçular var. Biz “Turan Tovuz”a gələndə Birinci Liqadakı heyətdən 13 futbolçu saxladıq. Faiq Hacıyev bu gün göz qabağındadır. “Turan Tovuz”da əsas heyətin üzvüdür”, deyə Ayxan Abbasov bildirib.
“Avrokuboklara vəsiqə qazanacağımıza inanıram” – Yunis Hüseynov
“Turan Tovuz”un məşqçisi Yunis Hüseynov isə heç-heçəyə belə şərh verib:
“Qələbə qazanmaq istəyirdik. Üçüncü pilləyə qalxmaq üçün bu gün bizə çox vacib 3 xal lazım idi. Təəssüf ki, qalib gələ bilmədik. Hesabda önə keçəndən qısa sonra qapımızda qol gördük. Ötən turda da, bu gün də rəqib yox, özümüz rəqibə şanslar yaratdıq və qol buraxdıq. Qarşıdakı oyunlara tam ciddi hazırlaşmaq lazımdır. Bu gün komandadan o qədər də razı qalmadıq.
Mən özüm də futbol oynamışam. “Qarabağ”a, “Sabah”a qarşı futbolçularda köklənmə başqa cür olur. Dəfələrlə təkrarlayırıq ki, tam ciddi olmaq lazımdır. Bunun üzərində işləyirik. Hər oyundan sonra Kurban Berdiyev də futbolçularla danışır. Digər axsayan cəhətimiz odur ki, hücumda çoxala bilmirik. Bu olmayanda da qol vura bilməyəcəksən. Hücuma atılmaq lazımdır. Öndə top saxlamaqda çətinlik çəkirik. Arxada top saxlamaq asandır. Çünki orada rəqibin oyunçuları az olur. Qol vurmaqda da çətinliklərimiz var. Amma çox asanlıqla qol buraxırıq.
Hələ qarşıda 4 oyun var. Bilmək olmaz nələr baş verəcək. Fikrimiz ancaq 3-cü yer üçün oynamaqdır. Kubokun finalını gözləmək istəmirik. Avrokuboklarda iştirak etməyi arzulayırıq. “Turan Tovuz” azarkeşləri möhtəşəmdir. Klubun rəhbəri də komanda üçün hər cür şərait yaradıb. İnanıram ki, avrokuboklara vəsiqə qazanacağıq”.


