Ayxan Abbasov: “Mən də məşqçi kimi inkişaf etmək istəyirəm”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun finalında “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Şükürlər olsun, çətin dönəmdə çempionatı başa vurduq. Burada hamının rolu var. Hər kəsə təşəkkür edirəm. Futbolçularımı təbrik edirəm. 3-cü yeri təmin etdikdən sonra komandada rahatlıq ola bilərdi. Amma bunu göstərmədilər. Bu gün oyunla məğlub olmadıq.

Çıxışımız məni sevindirir. İlk hissədə bəlkə də mövsümün ən yaxşı oyununu oynadıq. Amma təəssüflər olsun ki, ikinci dəfə finala çıxsaq da, kuboku qazana bilmədik. Bunun özü də bir uğurdur. Hamımız titul istəyirdik.

Mövsümün əvvəlində bu komandaya inananlar az idi. Hətta ötən mövsüm pandemiyaya görə yarıda qalanda çox adam düşünürdü ki, çempionat davam etsəydi, “Sumqayıt” bu yükü daşıya bilməyəcəkdi. Bu, məni üzürdü. Bu gün futbolçular sübut etdi ki, ötən ilki uğurumuz təsadüf deyil. Futbolçularıma təşəkkür edirəm ki, özləri haqqında bu fikri dəyişə bildilər. Amma daha da inkişaf etməliyik.

Heyəti qoruya bilməməyimiz məni üzür. İki günlük istirahətdən sonra yeni mövsümün planları ilə məşğul olacağıq. “Keşlə”yə və avrokuboka vəsiqə qazanan digər klublara uğurlar arzu edirəm. Avrokuboklara düşməyənlər də ruhdan düşməməlidirlər. Rəhbərliyə təşəkkürümü bildirirəm. İnanıram ki, düzgün qərar verəcəklər.

Hələ heç bir futbolçu ilə müqavilə bağlamamışıq. Mənim də sözləşməm bitir. Rəhbərliklə danışdıqdan sonra bu suala cavab verə bilərəm. Hələ heç nə bilinmir. Hər baş məşqçinin planı olmalıdır. Oyunçuların qalmasını istərdim. Bəzi mövqelərdə rəqabət olmasını istərdim. Çünki çox əziyyət çəkdik. Bu gün gənclərə şans verdim ki, final ab-havasını hiss etsinlər. Bu, onlar üçün böyük təkandır. Mən özüm də məşqçi kimi inkişaf etmək istəyirəm. İnanıram ki, xeyirli qərarlar veriləcək.

Oyundan sonra bəzi futbolçuların ağladığını gördüm. Onlara dedim ki, başımızı uca tutmağa haqqımız var. Bu gün ruhdan düşsək, bizim üçün yaxşı olmaz. İçəridə sarsıntı olsa da, bunu büruzə verməməyə çalışdım. Müasir futbolda aqressiya, istək olmasa, qələbə qazana bilməzsən. Ən qorxduğumuz standart vəziyyətlər idi. O da başımıza gəldi.

Çempionatdakı bürünc medalı ölkə kubokuna dəyişərdimmi? Çətinliklərimizi göz önünə gətirəndə seçim etməkdə tərəddüd edirəm.

Oyundan sonra Sənan Qurbanovla aramızda maraqlı dialoq da oldu. Ona dedim ki, kubokun üzərinə sənin şəklini vurmaq lazımdır. Yerli məşqçilərin uğuru məni sevindirir. Ümid edirəm ki, yenidən onunla rəqib olaram”.

Xəbəri sosial şəbəkələrdə paylaş: