“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Serbiyanın “Çukariçki” klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, o, bu gün keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Meydan amili və azarkeşlər üstünlüyümüzdür. Çalışacağıq ki, azarkeşləri sevindirək. Futbolçularımız hələ tam hazır deyillər. Zədəlilərimizin olmaması sevindirici məqamdır. Serbiyadakı ilk qarşılaşmada sırf müdafiə olunmaq istəmirdik. Bizi buna rəqib məcbur etdi. Çox üstümüzə gəldilər. Xüsusən sol cinahdan. Rəqibin üstün tərəflərinə toxunmuşduq. Elə futbolçuları var ki, konsentrasiyamızı itirsək, nəticəyə təsir edəcək gücdədirlər. Hər kəsə şans verə bilərik. Çalışacağıq ki, bu rəqabət davam etsin. Futbolçuların inkişafı üçün onların rahatlığını təmin etməliyik.
Sırf oyunu əlavə vaxta aparmağa yox, öz çıxışımıza köklənmişik. Hücumda Əli Qurbani ilə yanaşı, Xəzər Mahmudova da şans verməyi düşünürük. Komanda şəklində hücumda olmağı planlaşdırırıq.
İlk dəfədir ki, heyətin çox hissəsini saxladıq. İstəyirik ki, “Sumqayıt”a heç kim tramplin kimi baxmasın. Ötən illərə nisbətən heyətin özəyini qoruduq. İndi isə daha da güclənmək istəyirik. Çempionat uzun marafondur, yenə futbolçular lazım olacaq. Amma yeni oyunçular almaq da asan deyil. Buna büdcəmiz da çox imkan vermir. Gələcək planlar barədə də düşünürük. Mərhələ keçsək, klubumuz üçün böyük üstünlük olacaq”.
Ayxan Abbasov rəqib futbolçuların açıqlamalarına da münasibət bildirib: “Hər deyilənə cavab versək, düzgün olmaz. Mən oyunu təhlil etmişəm. Üstünlük onlarda olsa da, yüz faizlik qol epizodları olmadı. Hücum planında istəyimizi edə bilmədik. Bunun da müxtəlif səbəbləri var. Mən də futbolçularıma bildirmişəm ki, turu keçmək gücümüz var. Məncə, öz oyunumuzu göstərə bilsək, mərhələ keçə bilərik”.


