Ayxan Abbasov: “Motivasiya üçün qələbə lazım idi”

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov bu gün Tacikistan yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlərə təşəkkür edirəm. Oyunun ağır keçəcəyini bilirdik. Qarışıq heyətlə oynadıq. Motivasiya üçün qələbə lazım idi. Qələbə yaxşı oldu. Birinci hissədə tempi yüksəldə bilmədik, amma ikinci hissədə dəyişiklikdən sonra 20-25 dəqiqə çox yaxşı temp oldu. Bu da bizə lazım olandır. Bizi ağır səfər gözləyir, bu tempə dözmək lazımdır. Bəzi oyunçularımız istirahət etdi. İnanıram ki, onlar da bizə qoşulacaqlar və Litva səfərindən sərfəli nəticə ilə qayıdacağıq”.

Ayxan Abbasov Abdulla Xaybullayev və Mahir Emrelinin zədələnməsinə və heyətlə bağlı problemlərə də toxunub:

“Tək Xaybullayevdə yox, Mahirdə də zədə oldu. Xaybullayevdə problem yoxdur. 90 dəqiqə meydanda az olan futbolçularda bunlar hiss edildi. Edqara gəldikdə, bu gün qələbədən də çox, gəncləri qazandıq. Fərid Yusifli də debüt etdi. Hardansa başlamaq lazımdır. Gənclərə yol açmaq lazımdır. Milli komandada yaxşı oyuna sahib olmaq üçün vaxt lazımdır. İki məşqlə, qarışıq heyətlə istədiyimizi tam ala bilmirik. Üç gün də vaxtımız olacaq. Gənclər də gəlir. Komandanın perspektivi var.

Bəzi mövqelər var idi ki, futbolçuları iş başında görmək istəyirdik.  Onları bu gün gördük, suallarımıza cavab tapdıq. Litva tam başqa cür komandadır, onlarla oyuna tam başqa hazırlaşacağıq. Oyun planımızda da dəyişikliklər olacaq.

Qrupda üç komanda var. Hər xal, hər top vacib olacaq. Əsas məqsəd birinci yeri tutmaqdır. Ona görə də nəticəyə oynamalıyıq. Xal vacib olacaq”.

“Azərbaycan millisində keyfiyyətli oyunçular çoxdur” – Angelovski

Tacikistan yığmasının baş məşqçisi İqor Angelovski isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Azərbaycan millisini qələbə münasibətilə təbrik edirəm. Həqiqətən çox çətin oldu. Azərbaycan millisində keyfiyyətli oyunçular çoxdur. Onlar bundan çox yaxşı istifadə etdikər. Toral Bayramov kimi standart vəziyyəti yaxşı vuran oyunçunuz var. Bizim də qol vurmaq imkanımız var idi. Hər iki komandanın qol vurmaq üçün imkanları oldu. Sonda komandamızın imkanı var idi. Təəssüf istifadə edə bilmədik.

Komandam bu gün yaxşı oynadı. Bizim də keyfiyyətli oyunçularımız var. Sadəcə, qol vura bilmədik. Hamısını analiz edəcəyik.

Azərbaycan millisi D Divizionunda olmağa layiq deyil. Ümidvaram ki, komandanız xallar qazanaraq daha yaxşı yerlərə çıxacaq. Ümid edirəm ki, futbolçularınız fərdi səviyyədə özlərini inkişaf etdirərlər, klubların göstərdiyi nailiyyətləri milli də göstərər. Futbolçulara, ölkəyə gözəl nailiyyətlər arzu edirəm”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: