Ayxan Abbasov: “Ukrayna ilə oyunda qələbə istəyirdik”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Ukrayna yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Ukrayna yığmaları bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində Polşada üz-üzə gəliblər.

Matç Ukrayna yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ayxan Abbasov oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımızda yorğunluq var idi. Dünən qayğılı olduq. Amma futbolçular xarakter göstərdilər. Təşəkkür edirəm. Üç gündən bir böyük komandalara qarşı oynamaq vacib idi. Futbolçularımdan inamlı, rahat olmaqlarını istəmişdik. Bu gün onu göstərdilər. Bəlkə də xal qazanmalıydıq. Qələbə qazanmaq istəyirdilər. İlk dəqiqələrdə Nəriman Axundzadənin epizodunu dəyərləndirsəydik, bəlkə başqa cür olardı. Gələcəyə nikbin baxırıq, bu komandanın potensialı var. Ruh və istək olduqdan sonra nəticələr gələcək. Evdə 2 oyunumuz var. Ona hazırlaşacağıq. Çalışacağıq ki, xallarımızın sayını artıraq.

Futbolda öncədən nəsə demək çətindir. İslandiyadan sonra xal qazandıq. Hər kəs düşünürdü ki, uşaqlar uzaq yoldan gəlib. Bəzən istək, ruh olanda yorğunluğu da hiss etmirlər. Emin Mahmudov fiziki göstəricilərinə görə komandanın ən yaxşısıdır. Bəlkə də Eminin gücü yox idi. Amma necə sürüşmə fəndi etdi. Bütün futbolçular yorğun olsalar da, mübarizə aparırdılar, uduzmaq istəmirdilər. Buna öyrəşməliyik. Futbolçulara səhər demişdim ki, yorğunluğu özümüzə psixoloji problem etməyək. Rəqib də yoldan gəlmişdi. Öyrəşmək lazımdır. Turnir bunu tələb edir.

Millidə böyük vaxt da yoxdur. 4-5 gündə yığışıb, belə oyunlara hazırlaşmalısan. Fransa bizə oynamağa imkan vermədi. Onlara qarşı da layiqli oynamaq istəyirdik. Fransa oyunu uşaqlara güvən vermişdi. Bu gün daha güvənli idilər. Belə oynasaq, belə davam etsək, daha yaxşı ola bilərik”.

Ayxan Abbasov İslandiya ilə matçda qələbəyə ümid edir

Ayxan Abbasov millinin ilyarımdır qələbəyə həsrət qalmasına da toxunub:

“Rəqiblər nə qədər imkan verirsə, hücum etməyə çalışırıq. Heç kim deyə bilməz ki, hücum etmirdik. Çoxdandır qələbə qazanmırıq. Bu gün belə rəqiblərlə çətindir. İslandiya ilə matçda mən də ümidliyəm. Azarkeş dəstəyini görmək istəyirik. Fransa və Ukraynanı gördünüz, fərqi sezdiniz. Burada da artırmalıyıq. Azarkeşlər də bilirəm ki, millidən güvən verən oyunu istəyir. Hamısı birlikdə, azarkeş dəstəyi olsa, biz də evdə dominant, istəkli olarıq. Nəriman Axundzadə zədədən gəlmişdi, Musa Qurbanlı oyuna yaxşı girdi, Toral Bayramovu qeyd edərəm. Mahir Emreli və Rüstəm Əhmədzadə yaxşı formada olsalar, bizim üçün yaxşıdır. Abbas və Elvinin də hücumda köməyi dəydi, yaxşı idilər.

Bizə yaxın rəqiblərlə başabaş və üstün oynaya blərik. Bunu elə-belə demədim. Komandamın potensialını görüb, bunu deyirəm. Eyni səviyyədə olan rəqiblərlə daha üstün oynaya bilərik. Ukrayna ilə bizi müqayisə etsək, bizdən üstündürlər. Hər şey asan danışılası deyil, amma əzmkarlığı rahat deyirik. Amma o da yox idi axı. Nə qədər deyirdik ki, millidən əzmkarlıq istəyirik. Bu gün bu var. Bunu asanlıqla demək və üstündən keçmək düz deyil. Buna da qiymət vermək lazımdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: