Ayxan Hüseynov daha bir il “Turan Tovuz”da!

Premyer Liqada növbəti mövsüm üçün heyətini formalaşdırmağa başlayan “Turan Tovuz” futbolçusu Ayxan Hüseynov ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, tərəflər yeni 1 illik müqaviləyə imza atıblar. Bir sözlə, Hüseynov 2023/2024 mövsümünün sonunadək bu komandanın şərəfini qorumağa davam edəcək.

Xatırladaq ki, Rusiya vətəndaşı olan Ayxan Hüseynov “Turan Tovuz”a 2022-ci ilin iyul ayında gəlmiş və bir mövsümlük müqavilə bağlamışdı. 23 yaşlı yarımmüdafiəçi geridə qalan mövsümdə Tovuz təmsilçisində 35 oyuna çıxıb, 3 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Hüseynov daha öncə Rusiyada “Ural” (Yekaterinburq), “Pari” (Nijni Novqorod), “Leninqradets”, “Olimp-Dolqoprudnı” kimi komandalarda da oynayıb.

“Turan Tovuz” Ayxan Hüseynovdan öncə qapıçılar Kamal Bayramov və Tərlan Əhmədli, həmçinin müdafiəçi Tərlan Quliyevlə də 1 illik yeni müqavilə imzalandığını açıqlamışdılar. Henri Okebuqvu isə müqavilə müddəti bitdiyi üçün komandadan ayrılıb.