Ayxan Hüseynov “Turan Tovuz”u tərk etdi – Rəsmi

“Turan Tovuz”la Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı olmuş hücumameyilli yarımmüdafiəçi Ayxan Abbasov əyalət klubundan ayrılmağa qərar verib.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, klubun Ayxan Hüseynovla müqaviləsinin müddəti başa çatıb. Tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməyiblər. “Turan Tovuz” futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Ayxan Hüseynov Rusiyada dünyaya göz açıb və futbolun sirlərinə bu ölkənin müxtəlif klublarında yiyələnib. O, “Zenit”, “Leninqradets”, “Nijni Novqorod”, “Ural”, “Dolqoprudni”, “Ximki” kimi klubların müxtəlif yaş qrupları üzrə komandalarında oynayıb. “Turan Tovuz” futbolçunu 2022-ci ilin yayında “Ximki”dən azad agent kimi heyətinə cəlb etmişdi. Ayxan Tovuz klubunun əsas komandasının heyətində 142 oyuna çıxıb, 24 qol vurub, 31 məhsuldar ötürmə verib.

Ayxan 2026-cı mart ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 4 oyuna çıxıb, 1 assistlə yadda qalıb.

Sonda onu da qeyd edək ki, Ayxan Hüseynovun karyerasını Premyer Liqamızın digər iştirakçısı “Zirə”də davam etdirməsi gözlənilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: