“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 30-cu turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçədən sonrakı mətbuat konfransında bunları söyləyib:
“Çempionatın liderlərindən birinə qarşı möhtəşəm oynadıq. Epizodları qola çevirə bilməsək də, uşaqlara təşəkkür edirəm. Mənə elə gəlir ki, bu gün 2 xal itirdik.
Oyunun gedişatı yenilənmə tələb edirdi. Rati Ardazişvili ilə Luis Paçunu təhlükəyə ata bilmərik. Hücumda sürəti artırmaq istədik. Bu, bəzi epiozdlarda alındı. Son nöqtəni qoya bilmədik. Sonradan meydana daxil olanlar oyuna pis qoşulmadılar”.
Azər Bağırov Camal Cəfərovun 3 epizodda fərqlənə bilməməsinə də münasibət bildirib və Mahamadu Banın durumuna aydınlıq gətirib:
“Texniki keyfiyyətlərdir. Camal yaxşı futbolçudur. Sadəcə, qol duyumunda geri qalır. Çoxdandır oynamamağı buna səbəb ola bilər.
Mahamadu Baya gəlincə, sabahdan məşqlərə başlayacaq. “Sabah”la matçda ciddi zədə almışdı. Ümumi durumu normaldır. Qırıq-çıxıq yoxdur”.
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə heç-heçəyə belə şərh verib:
“Ağır oyun alındı. Belə olacağını təxmin edirdik. Sıx qrafikdəyik. İkinci hissədə oyunun tempini qaldırdıq, epizodlar yaratdıq. Uda da bilərdik, uduza da. Gələn oyuna hazırlaşacağıq.
Heyətimizdə çoxlu zədəli futbolçu var. Buna görə rotasiyalara getməyə məcburuq. İlk yarıda oyunumuz alınmadı. İkinci hissədə daha yaxşı oynadıq.
Futbol stressli idman növüdür. Gərginliyin olması normaldır. Bizi nəyin gözlədiyini bilirik. Gərək iddiasız olasan ki, belə qrafikə girməyəsən. Komanda hər iki cəbhədə öz iddiasını göstərəcək.
“Kəpəz” qış fasiləsindən sonra iddialı klomandalardan xal alıb. Çempionatımızda zəif komanda anlayışı yoxdur”.


