Azər Bağırov: “Premyer Liqaya 60:70 faiz hazırıq”

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Qəbələdə həyata keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib.

Arena.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən 42 yaşlı mütəxəssis bunları söyləyib:

“Qəbələ toplanışı məşqçilər üçün bəzi məqamlara aydınlıq gətirmək baxımından faydalıydı. Yeni dəvət etdiyimiz legionerlərin fiziki, taktiki və mental olaraq uyğunlaşması baxımından diqqətçəkən amillər oldu. Komplektləşmə baxımından işlər davam edir, komandaya qarşıdakı günlərdə yeni futbolçular qoşulacaq. İşimiz çoxdur və çətindir. Mövsümün startına çox az vaxt qalıb. Oyunlar zamanı istifadə edəcəyimiz taktiki gedişlərin futbolçular tərəfindən mənimsənilməsi lazımdır. Düzdür, ilk 1-2 həftə çətin olacaq, amma tədricən öhdəsindən gələcəyik.

Qəbələ toplanışını ikitərəfli oyunla yekunlaşdırdıq. Futbolçular onlardan nə istədiyimizi meydanda praktiki olaraq göstərməyə çalışdılar. Bəzi məqamlarda istəyimizə çatdıq, elə epizodlar oldu ki, narazı qaldıq. Xətlərarası əlaqədə çatışmazlıqlar var, ona görə də qarşıdakı günlərdə bunun üzərində işləyəcəyik”.

Azər Bağırov komandasının Premyer Liqaya nə dərəcədə hazır olduğu barədə suala isə belə cavab verib: “Mövsümə 60-70 faiz hazırıq. Buraxılmış günləri mütləq kompensasiya etməliyik. Bir sözlə, işimiz çoxdur”.

Xatırladaq ki, ötən mövsümdə Birinci Divizionun qalibi olmaqla Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Araz-Naxçıvan” elitada ilk matçını avqustun 4-də keçirəcək. Həmin gün Azər Bağırovun yetirmələri səfərdə “Turan Tovuz”la üz-üzə gələcəklər. Bu qarşılaşmaya saat 17:00-da start veriləcək. Bundan bir gün sonra isə eyni məkanda sözügedən klubların əvəzedici komandaları üz-üzə gələcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: