“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov bu gün “Turan Tovuz”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, o, 2:2 hesabıyla bitən matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Hazırkı məqamda yoldaşlıq oyunu keçirmək vacib idi. Çünki fasilə zamanı bəzi yükləmələr vermişdik. Oyunlar zamanı müşahidə etdiyimiz çatışmazlıqlar var idi ki, onları aradan qaldırmaq istiqamətində işlər görmüşdük. Uşaqları təzyiq altında oynatmaq istədik. İki fərqli hissə keçirdik. Oyun istədiyimiz kimi alındı. Əsas odur ki, görüşü zədəsiz başa vurduq”.
Xatırladaq ki, bu oyunda Naxçıvan təmsilçisinin qollarını Aksel Nqando ilə Vadim Abdullayev vurublar. “Araz-Naxçıvan” mövsümün geridə qalan 9 turunda 14 xal toplayıb və 4-cü pillədə qərarlaşıb. Naxçıvanlılar fasilədən sonra səfərdə “Qəbələ” ilə üz-üzə gələcəklər. Bu oyun oktyabrın 22-də baş tutacaq.


