18 yaşadək qızlardan ibarət voleybol üzrə Azərbaycan millisi Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Latviyanın Dauqavpils şəhərində təşkil olunan yarışın ikinci günündə komandamızın rəqibi ukraynalı voleybolçular olublar.
Qarşılaşma Ukrayna yığmasının 3:0 qələbəsi ilə yekunlaşıb. Millimiz yenə quru hesabla uduzub – 0:3 (9:25, 8:25, 13:25).
Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk oyununu meydan sahibi Latviyaya qarşı keçirmiş və həmin oyunda da 0:3 hesabıyla məğlub olmuşdu.
Şahin Çatmanın rəhbərlik etdiyi kollektiv noyabrın 26-na qədər davam edəcək çempionatda Gürcüstan, Litva, Estoniya və Polşaya qarşı da mübarizə aparacaq.
AÇ-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


