Azərbaycan millisi Vizelada sürprizə imza ata bilmədi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının pley-off mərhələsində bu gün Portuqaliya yığması ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı cavab oyunu Portuqaliyanın Vizela şəhərində baş tutub.

Xatırladaq ki, bu komandalar arasında oktyabrın 25-də Bakıda keçirilmiş ilk oyunda portuqallar 4:1 hesablı qələbəyə sevinmişdilər. Bu üzdən yığmamızın səfər oyunundakı şansları da yüksək qiymətləndirilmirdi. Buna baxmayaraq, Siyasət Əsgərovun baş məşqçisi olduğu Azərbaycan millisi Vizeladakı eyniadlı stadionunda növbəti mərhələyə vəsiqə uğrunda son şansını sınayıb.

Qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edib. Baş hakim Şona Şukrulaya yan xətt hakimləri Martina Boer və Eşli de Haan kömək ediblər. Dördüncü hakim funksiyasını isə Culiya Van Es yerinə yetirib.

Vizelada baş tutan qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Peritan Bozdağ 71-ci dəqiqədə qırmızı vərəqə alıb.

Beləliklə, millimiz Avropa çempionatının pley-off mərhələsində mübarizəni dayandırıb. Portuqaliya yığması isə növbəti raundda Çexiya seçməsinə rəqib olub. Bu raundun matçları noyabrın 27-də və dekabrın 3-də baş tutacaq.

Avropa çempionatının seçmə mərhələsi
Pley-off mərhələsinin cavab oyunu

29 oktyabr

Portuqaliya – Azərbaycan 4:0
Qollar: Diana Silva, 15; 26. Dolores Silva, 57-pen. Fatima Pinto, 86.
Baş hakim: Şona Şukrula
Baş hakimin köməkçiləri: Martina Boer, Eşli de Haan
Dördüncü hakim: Culiya Van Es
VAR hakimləri: Yoxem Kamphuis, Edvin Van De Qraaf (Hakimlər briqadası Niderlanddandır)
Hakim-inspektor: Marta Frias Asedo (İspaniya).
UEFA nümayəndəsi: Sabine Bonnin (Fransa).
“Vizela” stadionu. Saat 23:45.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: