Futbol üzrə Fransa yığmasının və “Çelsi”nin dayaq yarımmüdafiəçisi Tyemue Bakayoko İngiltərə klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu azad agent kimi “Loryan”a keçib.
Tyemue Bakayoko Liqa 1 təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb. “Çelsi”yə 2017-ci ilin yayında 40 milyon avro qarşılığında keçmiş yarımmüdafiəçi burada cəmi 43 matça çıxıb, 3 qol və eyni sayda assistlə yadda qalıb. O, “Monako”, “Milan”, “Napoli” və “Renn”in də formasını geyinib, Fransa yığmasında isə cəmi 1 oyun keçirib.
“Çelsi” hücumameyilli yarımmüdafiəçisi Tino Anjorini də “Portsmut”a icarəyə verib. İngilis futbolçu mövsümün sonuna kimi icarədə olacaq. O, əvvəlki mövsümlərdə Moskva “Lokomotiv”ində və “Haddersfild”də də icarədə olub.
Bakayokonu heyətinə qatan “Loryan” hücumçusu İbrahima Koneni də “Almeriya”ya satıb. Liqa 1 təmsilçisi bu keçiddən 7,5 milyon avro qazanıb. Malidən olan 24 yaşlı forvard İspaniya klubu ilə 5 illik sözləşmə imzalayıb. Kone “Loryan”dan öncə “Bamako”, “Hauqesun”, “Adana Dəmirspor”, “Sarpsborq” kimi klubların da formasını geyinib, Mali yığmasında 16 oyuna 12 qol vurub.
“Almeriya” “Espanyol”un meksikalı mərkəz müdafiəçisi Sesar Montesi də transfer edib. La Liqa klubu bu keçidə görə də 14 milyon avro ödəyib. 26 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Espanyol”dan öncə “Monterrey”də də oynamış müdafiəçi Meksika yığmasında 39 oyuna 1 qol vurub.
“Almeriya” serb mərkəz müdafiəçisi Srcan Babiçi isə Moskva “Spartak”ına satıb. 5 milyonluq transfer Rusiya klubu ilə 3 illik müqavilə bağlayıb. Serbiya millisində 4 oyun keçirmiş 27 yaşlı futbolçu “Voyvodina”, “Reus”, “Srvena Zvezda”, “Famalikan”da da çıxış edib.
31 yaşlı ispan yarımmüdafiəçi İnyiqo Equaras “Almeriya”nı azad agent kimi tərk edib və hələ özünə yeni klub tapmayıb. 33 yaşlı braziliyaəsilli portuqaliyalı hücumçu Dyeqo Souza azad agent kimi “Alkorkon”a keçib və 1 illik müqaviləyə imza atıb.
“Almeriya” sağ cinah vingeri Arvin Appyanı (22 yaş) “Roterem”ə, dayaq yarımmüdafiəçisi Gilyerme Gedesi (21 yaş) isə “Portu”ya icarəyə verib. Hər iki futbolçu mövsümün sonuna kimi icarədə olacaq.


