Bu gün “Bakı İdman Sarayı”nda 17 yaşadək qızlardan ibarət milli komandalar arasında həndbol üzrə Avropa çempionatı start götürüb.
Arena.az xəbər verir ki, qitə birinciliyində 10 komanda 2 qrupda mübarizə aparır.
Azərbaycan millisi A qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq. B qrupunda isə İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları qüvvəsini sınayacaq.
Avropa çempionatının açılış matçında Farer adaları və Yunanıstan milliləri üz-üzə gəliblər. Oyundan əvvəl yarış meydanına Avropa Həndbol Federasiyasının bayrağı gətirilib. Ardınca Farer adaları və Yunanıstanın dövlət himnləri səsləndirilib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma Farer adalarının 27:22 hesablı qələbəsi ilə nəticələnib.
Günün ikinci oyununda İsrail həndbolçuları Lüksemburq millisini 1 xal fərqi ilə məğlub ediblər – 26:25.
Qeyd edək ki, hər iki oyunun EHF nümayəndəsi beynəlxalq dərəcəli deleqat, Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin müdiri İsgəndər Əsgərov olub.
Günün üçüncü qarşılaşmasında – Sloveniya ilə Bosniya və Herseqovina yığmalarının görüşündə də sloveniyalılar qələbə qazanıblar – 41:27.
Bu oyundan sonra Avropa çempionatının rəsmi açılış mərasimi təşkil olunub. Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, AHF-nin vitse-prezidenti Orxan Abbasov, Avropa Həndbol Federasiyasının nümayəndəsi Stefan Lonqen öz fikirlərini bölüşüblər. Onlar yarış iştirakçılarına uğurlar arzulayıblar. Ardınca Azərbaycanın dövlət himni səsləndirilib. Sonda rəqs qrupunun təqdim etdiyi bədii hissə alqışlarla qarşılanıb.
Açılış mərasimi yekunlaşdıqdan sonra Azərbaycan millisi də Avropa çempionatında ilk oyununu keçirib. U-17 yığmamız Gürcüstan seçməsi ilə üz-üzə gəlib. Komandamız bu oyundan məğlubiyyətlə ayrılıb – 13:39.
Azərbaycan yığması qrupda ikinci oyununu avqustun 6-da Sloveniyaya qarşı keçirəcək. Qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatı avqustun 13-də yekunlaşacaq.


