Bakıdakı həndbol üzrə Avropa çempionatının proqramı bilindi

Azərbaycanın paytaxtı Bakı avqustun 5-dən 13-nə qədər 17 yaşadək qızların həndbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Arena.az xəbər verir ki, qitə birinciliyinin açılış mərasimi avqustun 5-də saat 17:15-də başlayacaq.

Azərbaycan milli komandası ilk oyunda Gürcüstan seçməsi ilə qarşılaşacaq. Bu oyun da avqustun 5-də, açılış mərasimindən dərhal sonra başlayacaq.

Ertəsi gün Sloveniya kollektivi ilə görüşəcək həndbolçularımız avqustun 7-də də Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək. Komandamız avqustun 9-da Litva millisinə qarşı keçirəcəyi oyunla qrup mərhələsini başa vuracaq. Azərbaycan millisinin bütün oyunları saat 18:00-da başlanacaq.

Avqustun 12-də 9-10-cu, 5-8-ci yerlər uğrunda görüşlər və yarımfinal oyunları keçiriləcək. Ertəsi gün 7-8-ci, 5-6-cı və 3-4-cü yerlər uğrunda görüşlər olacaq. Həmin gün saat 18:00-da final matçı ilə yarışa yekun vurulacaq.

Xatırladaq ki, Bakı İdman Sarayında təşkil olunacaq həndbol üzrə Avropa çempionatında Azərbaycan millisi ilə yanaşı, Bosniya və Herseqovina, Sloveniya, Litva, Gürcüstan, İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları komandaları da mübarizə aparacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: