İspaniya La Liqasının 36-cı turu çərçivəsində “Espanyol” – “Barselona” oyunu (2:0) zamanı tükürpədici hadisə baş verib.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, oyunun keçirildiyi “Kornelya-El Prat” stadionunun yaxınlığında avtomobil insan kütləsini taran edib.
İnternet şəbəkəsində yayılmış videoçarxda görünür ki, “Espanyol”un azarkeş kütləsinə ağ rəngli minik avtomobili girib. Hadisə nəticəsində ciddi xəsarət almış şəxslər var.
Bildirilir ki, əvvəlcə, sükan arxasında olan qadın-sürücü avtomobili ilə kütlənin içərisindən keçib getməyə çalışıb, amma yaxınlıqdakı qıza ehtiyatsızlıqdan yüngülcə toxunub. Ətrafdakı adamlar isə sürücünün üstünə qışqırmağa başlayıblar. Üstəlik, sürücü əxlaqsızcasına söyülüb, avtomilə içki şüşələri, daş və s. əşyalar atılıb. Bu təpkidən özünü itirmiş qadın-sürücü əsəblərini cilovlaya bilməyib, qorxaraq qaz verib, nəticədə avtomobil yerindən kəskin surətdə tərpənərək kütləyə girib və bir neçə adamı əzib. Hadisə polis mühafizə dəstəsinin gözü qarşısında baş verib. Kütləni taran etmiş avtomobil səkiyə dəyərək dayanıb. Ara qarşıb, polis hadisəni nəzarətə götürüb, qəzəbli kütləni avtomobil sürücüsünü linç etməkdən saxlayıb. İlkin təxminlərə görə 45-55 yaş aralığında olması güman edilən qadın-sürücü də saxlanılıb.
Təcili tibbi yardım xidmətinin məlumatına görə, hadisə zamanı 13 nəfər zərər çəkib. Zərərçəkmişlərin xəsarət dərəcəsi haqda məlumat verilmir.
Bu mənzərədə, baş vermiş hadisəyə siyasi rəng qatmağa çalışan cəbhə də yaranıb. Belə ki, Barselonada “Espanyol”a, Kataloniyanın İspaniyadan müstəqillik əldə etməsi fikri ilə razılaşmayan kütlənin azarkeşlik etdiyi məlumdur. Videoçarxda zərərçəkmiş kütlə içərisində əlində İspaniya bayrağı tutmuş, “Espanyol”un futbol köynəyində şəxs gözə dəyir. Amma ilkin təhqiqat müəyyənləşdirib ki, qadın-sürücünün kütləni taran etmək kimi qərəzli niyyəti olmayıb.
Xatırladaq ki, “Espanyol”u 2:0 hesabı ilə məğlub etmiş “Barselona” cari mövsümün çempionluğunu erkən surətdə təmin edərək, qəniməti 28-ci dəfə muzeyinə aparıb.


