“Bayer” “Betis”dən Borxa İqlesiası icarəyə götürdü

Leverkuzen “Bayer”i ispan mərkəz hücumçusu Borxa İqlesiası “Betis”dən icarə müqaviləsi əsasında heyətinə qatıb.

Arena.az bu barədə “Bayer”in mətbuat xidmətinə istinadən məlumat verir.

İcarə müddəti cari mövsümün – iyun ayının sonuna qədər nəzərdə tutulub. Klublar icarə məbləğini 1 milyon avro məbləğində razılaşdırıblar.

Borxa İqlesias futbola “Kompostela”da qədəm qoyub. Ardınca Borxa “Valensiya”, “La-Roda” və “Vilyarreal”ın futbol akademiyalarından keçərək, böyük futbola gəlib. Borxa karyerası ərzində “Selta”, “Saraqosa”, “Espanyol” və “Betis”də oynayıb.

Cari mövsümün ilk yarısında Borxa “Betis”in heyətində bütün yarışlarda 18 oyuna 2 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

Borxa İqlesiasın qənimətlər muzeyində “Betis”lə 2021/2022 İspaniya Kral Kuboku var. Borxa elə həmin yarışın 5 qolla ən sərrast futbolçusu olub.

Borxa İqlesias 2022-ci ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 2 oyun keçirib, meydanda 51 dəqiqə olub və məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 31 yaşlı ispan mərkəz hücumçusunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: