“Bayer” mövsümü “qızıl dubl”la tamamladı – Video

Bu gün futbol üzrə Almaniya Kubokunun 2023/2024 mövsümünün finalı çərçivəsində “Kayzerslautern” – “Bayer” qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, Berlin şəhərindəki “Olimpiya” stadionunda keçirilən görüşün taleyini bir qol həll edib.

Leverkuzen təmsilçisi təcrübəli futbolçusu Qranit Cakanın vurduğu yeganə qol sayəsində qalib gələrək Almaniya Kubokunu qazanıb. Xabi Alonsonun yetirmələri bu qələbə sayəsində mövsümü “qızıl dubl”la tamamlayıblar.

Xatırladaq ki, “Bayer” daha öncə Almaniya Bundesliqasının da 2023/2024 mövsümünün qalibi olmuşdu. Bu, Leverkuzen klubunun tarixində ilk Almaniya çempionluğudur. Almaniya Kubokunda isə ikinci dəfə leverkuzenlilər hamıdan güclü olurlar. Bu komanda 1993-cü ildə də çempion olmuşdu. Daha üç final matçında isə “Bayer” məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, Almaniya Kubokunda ən çox uğur qazanmış komanda “Bayern”dir – 20 dəfə!

Almaniya Kuboku
Final
25 may

Kayzerslautern – Bayer 0:1
Qol: Qranit Caka, 16.