“Bayern” Çempionlar Liqasında yeni rekorda imza atdı

Almaniya çempionu “Bayern” futbol üzrə UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. Arena.az xəbər verir ki, Münhen təmsilçisi qitənin ən nüfuzlu klub turnirində məğlubiyyətsiz oyunlar seriyasını 31-ə çatdırıb.

Sözügedən komanda son olaraq ötən gecə doğma meydanda Plzen “Viktoriya”sını (Çexiya) 5:0 hesabıyla məğlub edib. Bu, münhenlilərin cari mövsümdəki ardıcıl 3-cü qələbəsidir.

Bu qələbə sayəsində “Bayern” həm də Madrid “Real”ına (İspaniya) məxsus rekordu qırıb. Madrid təmsilçisi buna qədər ÇL-də 30 oyunluq məğlubiyyətsiz seriyaya malik idi. Almaniya nəhəngi isə 31 oyunluq məğlubiyyətsiz seriya ilə “Real”ın uğurunu geridə qoyub.

Xatırladaq ki, Almaniya çempionu ÇL-dəki növbəti matçını da məhz “Viktoriya”ya qarşı keçirəcək. Münhenlilərin bu oyundan da qalib ayrılmaq şansı böyükdür.