“Bayern”in idarə heyətinin sədri Karl-Haynts Rummenigge Çempionlar Liqasının cari mövsümündən qüvvədə olan yeni tərtibatı haqda söhbət açıb.
Arena.az “Kicker” nəşrinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Əvvəlki qrup mərhələsi darıxdırıcı idi, çünki hər şey 4-cü turdan sonra həllini tapırdı. İndi hətta çox yaxşı komandalar da ələmə oyunlarına çıxmaqda çətinlik çəkəcəklər. Tapşırıq nə qədər çətin olsa, bu, bir o qədər çox duyğusaldır. Düşünürəm ki, zaman keçdikcə azarkeşlər yeni tərtibatı qiymətləndirəcəklər”, deyə Rummenigge bildirib.
Xatırladaq ki, cari 2024/2025-ci illər mövsümündən Çempionlar Liqasında əvvəlki kimi 32 deyil, 36 komanda çıxış edir. Əvvəllər klublar hər biri 4 komandadan ibarət 8 qrupa bölünürdülər, indi isə Çempionlar Liqasında 36 komandanın hamısı vahid qrupda yer alıb, İsveçrə sistemi adlanan sistem əsasında mübarizə aparırlar. 2024/2025-cü il UEFA Çempionlar Liqasının finalı gələn il may ayının 31-də Münhenin “Alyans Arena” stadionunda keçiriləcək.
UEFA Çempionlar Liqasının hazırkı qalibi İspaniya nəhəngi “Real”dır.
Əlavə edək, Çempionlar Liqasının yeni tərtibatı hələ də birmənalı qəbul edilmir və zamanla özünü doğrultmasa, ləğv ediləcəyi də istisna edilmir.


