“Bayern” yubiley oyununda qələbəsiz qaldı

Martın 1-də Bundesliqanın 24-cü turu çərçivəsində baş tutan “Frayburq”la səfər oyunu Almaniya nəhəngi “Bayern” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Münhen təmsilçisi “Frayburq”la oyunda Bundesliqa çərçivəsində 2000-ci dəfə meydana çıxıb.

Bununla belə, Almaniya nəhəngi yubiley oyununda qələbəyə sevinə bilməyib. Oyun 2:2 hesabı ilə başa çatıb.

Buna rəğmən, Münhen klubu Bundesliqa çərçivəsində qazandığı 1189 qələbə ilə mütləq rekordun sahibidir.

Sözügedən komanda həmçinin qazanılmış qənimətlərin sayına (32) görə də Bundesliqanın rekordçusudur.

Hazırda, 24 turdan sonra “Bayern” 54 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Bundesliqaya 23 oyundan 61 xalla Xabi Alonsonun “Bayer”i başçılıq edir.

Tomas Tuxelin rəhbərlik etdiyi “qırmızı-ağlar” növbəti oyununu martın 9-da evdə “Maynts”a qarşı keçirəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: