“Real”ın ingilis yarımmüdafiəçi Cud Bellingem komanda yoldaşı, braziliyalı vinger Vinisius Junioru dünyanın ən yaxşı oyunçusu adlandırıb.
Arena.az xəbər verir ki, Madriddə “Real”ın İspaniya La Liqasının qalibi olması şərəfinə çempionluq yürüşü keçirilib.
Yürüş zamanı Bellingemlə Vinisius bir-birini tərifləməyi unutmayıblar.
“Braziliyada deyildiyi kimi, mənim yanımda Belliqol var. Çox şadam ki, bu anı futbolçular və azarkeşlərlə bölüşə bilirəm. Bu, Çempionlar Liqasını qazanmaq üçün bizə daha çox güc-qüvvət verəcək”, deyə Vinisius bildirib.
Bellingem isə Vinisusu cavablayıb: “İlk bayramım üçün çox həyəcanlıyam. Mən dünyanın ən yaxşı oyunçusunun yanında dayanmışam və çox xoşbəxtəm”, deyə Bellingem vurğulayıb.
Yeri gəlmişkən qeyd edək ki, dünyanın ən böyük futbol xəbər portallarından biri olan “Goal” 2024-cü il üçün “Qızıl top” mükafatına 20 namizədin siyahısını hazırlayıb. İlk üçlükdə dünya futbolunun aparıcı ulduzları yer alıb.
Dərgi “Real”ın braziliyalı hücumçusu Vinisius Junioru “Qızıl top”u qazanmaq üçün ən yüksək imkana malik futbolçu olaraq qiymətləndirib. Siyahının 2-ci pilləsində “Real”ın ingiltərəli yarımmüdafiəçisi Cud Bellingem qərarlaşıb. İlk üçlüyü PSJ-nin fransalı hücumçusu Kilian Mbappe tamamlayır.
Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. Gənc futbolçunun Madrid klubundakı çıxışı elə, ilk mövsümdəcə uğurlu alınıb. Cari mövsümdə Bellingem “Real”ın heyətində bütün yarışlarda 39 oyuna çıxıb, 22 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib. Hazırda Bellingem 18 qolla İspaniya La Liqasının cari mövsümünün ən sərrast futbolçuları siyahısında 2-ci pillədə qəralaşıb.
Vinisius Junior isə “Real”a 2018-ci ilin iyul ayında yetirməsi olduğu “Flamenqo”dan keçib. Cari mövsümdə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 36 oyuna çıxıb, 21 qol və 11 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 261 oyun, 80 qol, 75 məhsuldar ötürmə.


