Benjamen Lekomt “Monako”dan ayrıldı, sabiq klubuna qayıtdı

Fransanın “Monako” klubunun qapıçısı Benjamen Lekomt Liqa 1 təmsilçisindən ayrılıb. Arena.az xəbər verir ki, 31 yaşlı qolkiper Liqa 1-in digər təmsilçisi “Monpelye”yə transfer olub.

Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. “Monpelye” bu transfer üçün “Monako”ya 3 milyon avro ödəyib. Təcrübəli qolkiperlə müqavilənin müddəti isə açıqlanmayıb. Onun 40 nömrəli formanı geyinəcəyi diqqətə çatdırılıb.

Benjamen Lekomt “Monako”ya 2019-cu ilin iyulunda 13.5 milyon avro qarşılığında məhz “Monpelye”dən transfer olunmuşdu. O, vaxtilə bu komandada 79 oyuna çıxıb. “Monako”da isə 60 matç keçirmiş qolkiper, 2021/22 mövsümündə Madrid “Atletiko”sunda, bu mövsümün birinci dövrəsində də “Espanyol”da icarədə olub. “Loryan”ın yetirməsi olan, uzun illər məhz bu komandada forma geyinmiş Lekomt, “Dijon”da da forma geyinib. O, Fransanın U-19 və U-20 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Monpelye” müdafiəçisi Nikolas Kozzanı isə Almaniyanın “Volfsburq” klubuna satıb. Liqa 1 təmsilçisi bu transferdən cəmi 500 min avro qazanıb. Amma əlavə bonuslar da nəzərdə tutulub. Həm Fransa, həm də İtaliya vətəndaşlığı olan müdafiəçi, yeni klubu ilə müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Nikolas Kozza məhz “Monpelye”nin yetirməsidir. 24 yaşlı futbolçu müdafiənin həm mərkəzində, həm də solunda oynamağı bacarır. O, “Monpelye”nin əsas komandasında keçirdiyi 112 oyunda 5 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Kozza Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarında da forma geyinib.

Lekomtu “Monpelye”yə satan “Monako” hücumçusu Villem Jebbellə də yollarını ayırıb. Fransadan olan 21 yaşlı forvard İsveçrənin “Sankt Qallen” klubuna transfer olunub. O, yeni klubu ilə müddəti 2025-ci ilin 30 iyununda bitəcək müqaviləyə qol çəkib.

Villem Jebbel Lion “Olimpik”inin yetirməsidir. O, 2018-ci ilin iyul ayında 20 milyon avro qarşılığında “Monako”ya transfer olunmuşdu. Amma o, bu komandada cəmi 17 matça çıxıb və 1 qol vurub. 2021/22 mövsümünü “Nant”da icarədə keçirmiş futbolçu burada da 26 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə kifayətlənib.

Xəbəri sosial şəbəkələrdə paylaş: