“Mançester Siti”nin idman direktoru Çiki Beqiristayn “Barselona”ya keçən İlkay Gündoğanın komandadan ayrılmasına münasibət bildirib.
Arena.az bu barədə “Mançester Siti”nin rəsmi saytına istinadən məlumat verir:
“İlkay “Mançester Siti” üçün əla xidmət göstərib və o, kapitan rolunda tarixi bir “trebl”ə çatdıraraq, klubumuzu xüsusi bir yüksəlişdə tərk edir. O, son mövsümlərdə qazandığımız uğurlarda böyük rol oynayıb. İlkayın zəkası, liderliyi və kluba bağlılığı həm meydanda, həm də meydandan kənarda – “Siti”yə aid hər kəsi ilhamlandırıb.
İlkay “Mançester Siti” tarixində həqiqətən izini qoydu və biz hamımız ona karyerasının növbəti fəslində ən yaxşısını arzulayırıq. O, bu futbol klubunda həmişə xoş qarşılanacağını bilərək bizi tərk edir”, deyə Çiki Beqiristayn bildirirb.
Xatırladaq ki, İlkay Gündoğan iyunun 30-da, “şəhərlilər”lə müqaviləsi başa çatdıqdan sonra “Barselona” ilə 2+1 illik müqaviləsini rəsmiləşdirəcək.
32 yaşlı Gündoğan 2016-cı ildən “Mançester Siti”də çıxış edirdi. O, bu komanda ilə 14 kubok, o cümlədən 5 Premyer Liqa çempionluğunu və 1 UEFA Çempionlar Liqasını qazanıb. Ötən mövsüm türkəsilli alman yarımmüdafiəçi “şəhərliləri” kapitan sarğısı ilə meydana çıxarıb. İlkay Gündoğan “Mançester Siti” karyerası boyunca 304 oyuna çıxıb, 60 qol vurub, 40 məhsuldar ötürmə verib.


