Bernardo Silva: “Boyum qısa olsa da, başla yaxşı oynayıram”

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva Çempionlar Liqasının yarımfinalında “Real”a qarşı keçirdikləri cavab oyununu şərh edib. Arena.az xəbər verir ki, o, 4:0 hesabıyla (ilk oyun 1:1) qalib gəldikləri matçdan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“İlk oyunda özümü heç yaxşı hiss etmirdim. Bu gün komanda yoldaşlarım və azarkeşlər üçün daha çox şey etməyə çalışmalı oldum. Mən başla oynamaqda çox yaxşıyam, hə? Boyum qısa olsa da, başımla yaxşı oynayıram.

Bizim üçün gözəl gecə oldu. Çətin olacağını bilirdik. Ona görə də bu Madrid komandasını evdə 4:0 hesabı ilə məğlub etmək inanılmazdır. Yenidən finalda olmaq gözəl hissdir. Ümid edirəm ki, bu dəfə qalib gələcəyik”.

Qeyd edək ki, “Mançester Siti”nin heyətində “Real”a vurulan ilk iki qolun müəllifi məhz Bernardo Silva olub. O, 23 və 37-ci dəqiqələrdə fərqlənməklə dublunu rəsmiləşdirib. Cavab oyununun ən yaxşı futbolçusu da məhz portuqaliyalı yarımmüdafiəçi seçilib.

Xatırladaq ki, “Mançester Siti” ötən mövsüm yarımfinalda məhz “Real”la qarşılaşmış və böyük üstünlüyü əldən vermişdi. Belə ki, doğma meydanda 4:3 hesabıyla qalib gəlmiş ingilislər səfərdə də 1:0 öndə olmaqlarına baxmayaraq, 90-cı dəqiqədən sonra 3 qol buraxmaqla 1:3 hesablı məğlubiyyətə üzülmüş və finala çıxa bilməmişdilər.

“Mançester Siti”ni bu mövsüm Çempionlar Liqasının finalında İtaliyanın “İnter” komandası ilə oyun gözləyir. Həlledici qarşılaşma iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.