“Beşiktaş” – “Neftçi” matçı Vaynbergerə tapşırıldı

Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Beşiktaş” – “Neftçi” matçının hakimləri müəyyənləşib.

Arena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə komandalarının avqustun 17-də baş tutacaq cavab qarşılaşmasını Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

İstanbulda gerçəkləşəcək matçda FİFA referisi Yulian Vaynberger baş hakim olacaq. Ona yan xətt hakimləri Andreas Vitşniqq və Sara Telek kömək edəcəklər. Görüşün ehtiyat hakimi Ştefan Ebner olacaq.

Xatırladaq ki, avqustun 17-də İstanbuldakı “Vodafone Park”da baş tutacaq “Beşiktaş” – “Neftçi” oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bu komandalar arasında ilk görüş isə ayın 10-da “Neftçi Arena”da keçiriləcək. UEFA həmin oyunu da İsveçrədən olan hakimlərə həvalə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: