Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi Valerien İsmael istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Fransadan olan mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Son olaraq Super Liqanın 11-ci turunda “Hatayspor”a səfərdə 1:2 hesabıyla uduzan “qara qartallar”, bu mövsüm 11 oyuna 19 xal toplayıb. 5 qələbə qazanıb, 4 heç-heçə edib, 2 oyunda da məğlub olan komanda hazırda 5-ci pillədə qərarlaşıb.
Valerien İsmael bu ilin mart ayından “Beşiktaş”a rəhbərlik edirdi. 47 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 18 matça çıxarıb. İstanbul təmsilçisi bu görüşlərdə 8 qələbə qazanıb, 7 heç-heçə edib və 3 məğlubiyyətə üzülüb.
“Beşiktaş”ın yeni baş məşqçisinin Şenol Günəş olacağı bildirilir. Artıq tərəflər bütün məsələlərdə razılığa gəliblər. Rəsmi anlaşmanın qısa zamanda açıqlanması gözlənilir.
Xatırladaq ki, Şenol Günəş 2015-2019-cu illər aralığında da “Beşiktaş”a rəhbərlik edib. “Qara qartallar” bu mütəxəssisin rəhbərliyi altında 2 dəfə Türkiyə çempionu olub. O, bu komandanı bütövlükdə 199 matça çıxarıb. “Ağ qaralar” bu görüşlərdə 117 qələbə qazanıb, 46 heç-heçə edib, 36 oyunda isə məğlub olub.


